“Beşiktaş”la ilkə imza atdı
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Sergen Yalçın İstanbul təmsilçisinin tarixinə düşüb.
Komanda.az xəbər verir ki, o, buna sözügedən komanda ilə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşamaqla nail olub.
Xatırladaq ki, Sergen futbolçu olduğu dövrdə 1991/92, 1994/95 və 2002/03 mövsümlərində “Beşiktaş”la çempion olmuşdu. Ötən gün isə o, 2020-ci ilin əvvəlindən çalışdırmağa başladığı İstanbul təmsilçisi ilə baş məşqçi kimi də qızıl medallara sahib çıxdı. Bu, “Beşiktaş”ın tarixindəki 16-cı Türkiyə çempionluğudur.
Xatırladaq ki, Yalçın “Beşiktaş”dan öncə “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” komandalarında da baş məşqçi kimi çalışıb.
Sergen Türkiyədə həm futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşamağı bacaran 6-cı mütəxəssisdir. Ondan öncə bu uğura Şenol Güneş, Hamza Hamzaoğlu, Aykut Kocaman, Ertuğrul Sağlam və Okan Buruk imza atmışdı.
Şenol Güneş futbolçu kimi “Trabzonspor”la, məşqçi kimi “Beşiktaş”la çempion olub. Aykut Kocaman “Fənərbaxça”, Hamza Hamzaoğlu isə “Qalatasaray”la hem futbolçu, həm də baş məşqçi kimi çempionluq sevinci yaşayıb.
Ertuğrul Sağlam futbolçu olduğu zaman “Beşiktaş”da, məşqçi kimi “Bursaspor”da qızıl medallara sahib çıxıb.
Futbolçu kimi “Qalatasaray”la çempion olan Okan Buruk isə baş məşqçi kimi “Başakşəhər”i Türkiyənin ən güclüsü edib.
Bizi Facebook-da izləyin