Adam dərddən lap qol götürüb oynamaq istəyir

Hüseyn Cəbrayıloğlu

Deyilənə görə, Yusif Səmədoğlu 1992-ci ildə Şuşanın işğal xəbərini Yazıçılar Birliyində eşidəndə, qol götürüb oynayıb. Eyni ilə ən əziz adamını itirən adamların havalanıb oynadığı kimi.

May ayının 20-də Azərbaycan futbolunun müstəqillik tarixində özünəməxsus və təkrarolunmaz iz buraxmış “Xəzər Lənkəran“ın son matçından 10 il keçir. Avropada maksimum bir mərhələ adlayan “Xəzər Lənkəran” ölkə futbolunda bir çox parametrlər üzrə bütün mərhələləri keçmiş, ölkədə türkiyəlilərdən eşitdiyimiz və mənə görə də ən uygun ifadə sayılan camiəsi olan yeganə klub idi. “Xəzər Lənkəran“ tribunası onun ən böyük gücü, sarsılmaz etiketi idi. Məsələn, klubun fəxri prezidenti o dövr heç kəsin edə bilmədiyini edib “Fənərbaxça“ klubunun əsas heyətini, prezidenti başda olmaqla, yönəticilərini birbaşa Lənkərana, yoldaşlıq oyununa gətirir, tribunada isə azarkeş düz VİP-loja ilə üzbəüz sektorda “2011-ci ilin çakma şampiyonu, hoş geldiniz“ bannerini açırdı.

“Xəzər Lənkəran“ əzəli rəqibi “Neftçi“ni Lənkəranda qəbul edirdi, matçdan sonra qonaq komandanın Lənkəranı saat neçədə tərk edəcəyini isə azarkeş təyin edirdi. Bu, gecəyarı saat 3 də ola bilərdi, 4 də.

Klubun fəxri prezidentinin AFFA rəhbəri ilə münasibətlərinin gözəl olduğu vaxtda belə, azarkeşlər onların birgə izlədiyi matçda tribunaları “Aləm bizə Xəzər, sizə SOKAR“, “Neftçi“ AFFtafA ilə meydan sulayır“ bannerləri ilə bəzəməyi bacarırdi. Bax, bu sərbəstlik, idarəolunmaz böyük kütlə çoxu üçün arzuolunan deyildi. Adı “Xəzər Lənkəran“la bağlı müzakirələrdə həmişə yanaşı çəkilən, heç bir futbol savadı olmayan rəhbərlik bütün mənfi damğalara rəğmən, bir çempionluq, iki dəfə gümüş, üç dəfə ölkə kubokunun, bir dəfə Azərbaycan superkuboku və “Birlik kuboku”nun qalibi olmaqla yanaşı, ilk baza inşa etməklə, fan-şop, muzey yaratmaqla da aktivinə ilkləri yaza bildi. Klub akademiyasının pərvazlandığı, əkdiyi ağacın barını dərdiyi vaxtda, çıxış etdiyi son iki mövsümdə heyətin əsasını yerli gənc futbolçular təşkil etdiyi zamanda hər şey bitdi və o perspektivli gənclərin barmaqla sayılacaq qədər üzvü ayaqda qala bilsə də, böyük bir kütləsinin hərəsi bir tərəfə dağıldı. İndi 10 ildir bölgədə uşaqlar futbolu elə məhəllə səviyyəsində, məhəllə çərçivəsində oynayır, o çərçivədən peşəkar kluba yazılmaq arzusu arzu olaraq qalır. 10 ildir ki, “Xəzər Lənkəran“ yoxdur, xatırlanır, dərin bir ahla adı çəkilir, amma bir başıpapaqlı onu yenidən bərpa etməyi düşünmür. Ölkənin futbolla yaşayan böyük bir bölgəsində böyük futbolun geridönüşü kimsənin vecinə deyil. Bu gün dünyasını dəyişən “Xəzər Lənkəran” azarkeşlərinin başdaşı Azərbaycan Premyer Liqasında tribunalara toplaşan azarkeş sayından daha çoxdur. İndi idarə olunan kütlə AFFA üçün də, digərləri üçün də əlverişli bir şərait yaradıb və idarə olunmayan Lənkəran tribunasını mamır basıb, “Fırtınalar meydanı”nda sanki işıqlar əbədi qapanıb. Kimsə anlamaq istəmir ki, Lənkəranda böyük futbolun böyük də tarixi var, şəhər vaxtı ilə SSRİ çempionatının ikinci dəstəsində çıxış edib və bu gün Lənkəranda futbola Mübariz Mənsimov prizmasından baxmaq da ən böyük ədalətsizlikdir. İndi Lənkəran, ümumulikdə bölgə nə etməlidir, oturub daha bir 10 il iş adamı ilə buralara münasibətin nə zaman düzələcəyini gözləməlidir? Bu vacib sual havadan asılı qaldığı bir zamanda hər şey biriləri üçün öz axarı ilə davam edir. 20 mayda özündən penalti uyduran və bununla “Xəzər Lənkəran“ı sonuncu pilləyə yuvarladan hakim Ramil Diniyev hazırda hakim-inspektor kimi oyunlara təyinat alır, gənc hakimlərin işinə qiymət verir. “İmişli“ Qubada, “Araz-Naxçıvan“ Bakıda, “Kəpəz“ Yevlaxda, “Turan Tovuz“ Bakıda meydana çıxır. Azərbaycan futbolunu mələr qoyan Elxan Məmmədov FİFA-da məsul vəzifədə çalışdığından, futbola rəhbərlik etmək “Azərlotereya”dan gələn yoldaşlara etibar olunub.

“Xəzər Lənkəran“ isə düz 10 ildir ki, meydana çıxmır. Adam dərddən lap qol götürüb oynamaq istəyir…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button