
“Turan Tovuz” şoku və heyrət doğuran aqressiya
Əmir
Artıq bir neçə həftədir Azərbaycanda futbol mövsümü başa çatıb. Mövsüm bitən kimi bütün gözlər avrokuboklara vəsiqə qazanmış komandalara – “Sabah”a, “Qarabağ”a, “Turan Tovuz”a və “Neftçi”yə çevrildi. Hər kəs bu klubların hansı transferləri edəcəyi, hansı futbolçularla müqavilə uzadacağı, hansı futbolçularla yollarını ayıracağı ilə bağlı xəbərlərə köklənib, bu klubların ölkəmizi Avropa arenasında nə cür təmsil edəcəyi ilə bağlı müzakirələr etməyə, proqnozlar verməyə başladı. Bu normal prosedur davam etdiyi zaman ölkə futbolu şok xəbərlə sarsıldı. “Turan Tovuz” illər öncə, klub aşağı liqada çıxış etdiyi zaman bəzi futbolçuları danışılmış oyunlarda iştirak etdiyinə görə avrokubokdan kənarlaşdırıldı. Onları yeni avrokubok mövsümündə “Zirə” təmsil etməlidir. Düzdür, Tovuz klubu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutduğunu açıqlayıb. Amma buna vaxt çatıb-çatmayacağı hələ bəlli deyil. Təki hər şey Tovuz klubu üçün yaxşı nəticələnsin. Ki, bunu hər birimiz arzu edirik. Bu komanda idman nəticəsinə əsasən avrokuboklara vəsiqə qazandığına görə burada iştirak etməyi haqq edir.
Mənim diqqətimi çəkən isə başqa məsələdir. Son bir neçə gündür bu qərar ətrafında çox böyük aqressiya var. Bu aqressiyanın klubun azarkeşləri tərəfindən olması normaldır. Amma futbol ictimaiyyətinin, idman mediasının nümayəndələrinin bu aqressiyanın bir parçasına çevrilməsi heyrət doğurur. Bəzən isə bu təəssüfün, bu pərişanlığın arasına “Turan Tovuz”un əvəzinə Konfrans Liqasına yollanmalı olan “Zirə” də qoşulur. Elə mənzərə yaranır (yaradılır) ki, sanki “Turan Tovuz” Azərbaycana doğma, “Zirə” isə özgə klubdur. “Turan Tovuz”un Konfrans Liqasına getməməsi, hansısa futbolçuların illər öncə danışılmış oyunlarda iştirak etməsi bu klubun günahı deyil axı. Üstəlik, sərgilənən ritorika da heç də xoş mənzərə yaratmır.
Cənablar, “Turan Tovuz” da “Zirə” də, “Sabah” da, “Qarabağ” da, “Neftçi” də, digərləri də öz klublarımızdır. Əlbəttə, bu klublardan hansısa biri futboldan kənar səbəblə avrokubokdan kənarda qalırsa, bu, araşdırılmalı, klubun haqlı mövqeyi ictimailəşdirilməlidir. Amma bu müzakirə, polemika, kiməsə doğmalıq, kiməsə isə yadlıq aşılamamalıdır.
Bizi Facebook-da izləyin



