Sabiq prezident “Real”ın rəhbərini sərt tənqid etdi

“Real”ın sabiq prezidenti Ramon Kalderon klubun hazırkı rəhbəri Florentino Peresin son açıqlamalarına sərt reaksiya verib.

Peres klubun assambleyasında çıxış edərkən “Barselona”nın tarixinin ən uğurlu dövrünü hakimlər komitəsinin keçmiş rəsmisi Xose Mariya Enrike Neqeyra ilə bağlı ödənişlərə bağlamış, La Liqa prezidenti Xavyer Tebası tənqid etmiş və La Liqadakı hakimliyi hədəfə almışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kalderon bu bəyanatları istehza ilə qarşılayıb:

“Dünyanın ən böyük və ən hörmətli futbol klubunun guya bütün insanlıq tərəfindən hücuma məruz qalması kimi sözləri eşitmək üzücüdür. Bircə UNICEF və BMT-nin adını çəkmək qalmışdı.

Bütün bunlar, təəssüf ki, klubun tezliklə öz üzvlərinə məxsus olmayacağı faktını gizlətmək üçündür”.

Sabiq prezident həmçinin, klubun maliyyə və idarəetmə siyasətinə də toxunub:

“İnvestorların 5 faiz pay alması nəyə lazımdır? Klub tarixinin ən yaxşı maliyyə göstəriciləri, digər komandalardan ikiqat çox ehtiyat fondu, ən çox liqa titulu, hər il ən böyük transferlər… Basketbolda da eyni vəziyyət.

2018-ci ildə “Santyaqo Bernabeu”nun yenidənqurma büdcəsi 575 milyon avro idi, bu gün isə səs izolyasiyası nəzərə alınmadan belə, 1,347 milyard avroya çatıb. Hələ 1,132 milyardı amortizasiya etmək qalır. Problem bəlkə də bundadır?”

Kalderon Peresi qurban rolunu oynamaqda ittiham edib:

“Bu, məsuliyyətdən yayınmaq mexanizmidir. Səhvlərinin başqalarının günahı olduğunu göstərmək, ədalətsizliyi şişirtmək və şikayətlərdən məqsədli şəkildə istifadə etmək – bunlar hamısı eyni davranışın elementləridir”.

Madrid klubunda daxili gərginliyin artdığı görünür və Kalderonun bu açıqlamaları mübahisəni yeni mərhələyə daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button