Mircavadov: “Finlandiyada “Sabah”a daha asan olacaq”

“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” komandasını minimal hesabla (1:0) məğlub etsə də, matçın gedişi göstərdi ki, “bayquşlar” daha inamlı üstünlüyə layiq idi. Bəs, cavab görüşündə Masazır təmsilçisini nə gözləyir? “Neftçi”, “Qarabağ” və “Zirə”nin avrokubok perspektivləri necə görünür?

Bu suallarla Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis Komanda.az-a açıqlamasında “Sabah”ın “KuPS” üzərində qələbəsini dəyərləndirməklə yanaşı, digər təmsilçilərimizin də avrokubok şanslarından danışdı:

“Sabah” dünən yaxşı çıxış etdi, yəni, oyun çox böyük üstünlüyü şəraitində keçdi. Qol vəziyyətlərindən istifadə edə bilmədilər. Bu, problem yarada bilər, artıq 25-ci dəqiqədə hesab 3:0 olmalı idi. Heyət “oturub”, oynayır, hər şey yaxşıdır, təkcə qol vəziyyətlərindən istifadə etmək qalır. Mən elə fikirləşirəm ki, Finlandiyada onlara daha asan olacaq. Niyə? Çünki rəqib hücumda olacaq, boşluqlar verəcək və “Sabah”da da elə oyunçular var ki, o boşluqlardan istifadə edəcəklər. Mən ancaq buna güvənirəm, bir də, “Sabah” topla çox yaxşı işləyir. Əsasən, orta xətdə, elə müdafiənin özündə də. Hesabın 1:0 olması o demək deyil ki, “Sabah” yeriyə-yeriyə uddu. Yox, komandamız böyük üstünlüyə malik idi. Hesab 5:0, 6:0 olmalı idi. Amma son dəqiqələrdə “Sabah”ın iki mərkəz müdafiəçisi mövqelərini itirmişdi və rəqib oyunçu qapıçı ilə birə-bir çıxdı. Onlar məhz bunu istəyirdilər. Çünki əvvəlki oyunlarından da bilirəm ki, belə səhvlərdən istifadə edib bu mərhələyə çıxıblar. Ona görə də, Finlandiyada ağıllı oynamaq lazımdır. Əsasən də müdafiə xəttində”.

Mircavadov bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Neftçi”, eləcə də, sabah UEFA Avropa Liqasında növbəti sınağına çıxacaq “Qarabağ” barədə də nikbin fikirlər səsləndirdi:

“Hər iki komandamıza uğurlar arzulayıram. Biz “Neftçi”dən nə gözləyirik? Onu gözləyirəm ki, Konfrans Liqasının əsas mərhələsinə düşsün. Ona görə ki, klubda hər şey var. Baza, şərait, meydançalar, oyunçular var, məşqçi var – yəni, hər şey öz qaydasındadır. Qalır oynamaq və qalib gəlmək. Yaddan çıxarmaq lazım deyil ki, “Neftçi”nin adı bunu məcbur edir, tarixi klubudur. Hamımız istəyirik ki, “Neftçi” Konfrans Liqasının əsas mərhələsinə çıxsın.

“Qarabağ”a gəldikdə isə, orda çoxlu yeni oyunçular var, dəyişikliklər olub. Amma hazırda sistem qalıb və o sistemlə də oynayacaqlar. Elə düşünürəm ki, “Qarabağ” Avropa Liqasının əsas mərhələsinə düşəcək. Mən buna inanıram”.

Mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə Estoniya “Payde”si ilə üz-üzə gələcək “Zirə”nin də uğurlu çıxış edəcəyinə inanır:

“Zirə” çempionata hazırlaşırdı. Məlum hadisələrdən sonra (“Turan Tovuz”un UEFA tərəfindən uzaqlaşdırıması) isə Konfrans Liqasına hazırlaşmalı oldu. “Zirə” Gürcüstan “Torpedo”su ilə çox yaxşı oynadı (hər iki oyunda 3:0), öz oyununu nümayiş etdirdi. Amma hiss olunurdu ki, mövqelərdə oyunçular lazımdır. Bu, məlum şeydir. Axtarışda ola bilərlər. Çünki indiki halda adına, çıxış etdiyi kluba baxıb yeni oyunçu seçimində aldanmaq olmaz, oyunu ilə maraqlanmaq lazımdır. O oyunçunun Azərbaycana uyğunlaşması var. Bu, vacib amillərdən biridir. Bir də ki, oynadığı komandada özünü necə aparıb – bunlar şərtlərdir. Amma hazırda “Zirə” öz oyununa davam edir, onlara da uğurlar arzulayıram. İnanıram ki, digər mərhələlərdə də sevinən tərəf olacaqlar”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button