Allahverdiyevdən “Kəpəz”in “Dinamo” olmasını təklif edən Cavadova cavab

Bir neçə gün öncə veteran futbolçu İsgəndər Cavadov “Kəpəz”in adının dəyişdirilib “Dinamo” qoyulması ilə bağlı fikir bildirib.

“Kəpəz”in keçmiş baş məşqçisi Mehman Allahverdiyev Cavadovun bu fikrinə münasibət bildirib. O, Komanda.az-a açıqlamasında, klubun adını “Dinamo” qoymağın düzgün olmadığını söyləyib:

“SSRİ vaxtı komandanın adı “Dinamo” olub. Lakin SSRİ-nin son vaxtlarından bu günə qədər komanda “Kəpəz” adlanır. Klub “Kəpəz” adı ilə üç dəfə çempion olub, dörd dəfə ölkə kubokunu qazanıb, iki gümüş, bir bürünc medal əldə edib. O dövrdə mən komandanın baş məşqçisi olmuşam. Düşünürəm ki, klubun adını yenidən “Dinamo” qoymaq düzgün deyil. “Kəpəz” həm də zirvədir, dağdır. Gəncənin harasından baxsan, birinci Kəpəz görünür. ”Kəpəz” komandası da həmişə çalışıb ki, o dağ kimi zirvədə olsun”.

Allahverdiyev hazırda birinci divizionda çıxış edən komandanın vəziyyətindən də danışıb:

“Hazırda klub 7-ci yerdə olsa da, yeni başlayan zaman yaxşı oynayırdı, nəticələri olurdu. Son vaxtlar isə zəifləyib. Ancaq bunlar komandadaxili işlərdir. “Kəpəz”ə uğurlar arzulayıram. İnşallah, o nailiyyətləri bir daha əldə edərlər”.

Mehman Allahverdiyev “Kəpəz”in növbəti mövsümdən Premyer Liqaya buraxılması məsələsinə də toxunub:

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya çıxacaq. Hər iki komandanı təbrik edirəm. Bu məsələdə şəxsi fikrimi deyəcəm. Məncə, hər klubda maliyyədən çox şey asılıdır. Maliyyə yaxşı olsa, normal oyunçular götürülsə, nəticə əldə etmək olar. Yox, maliyyə zəif olsa, bu bir az çətin məsələdir. Maliyyə ilə yanaşı, komandanın özündən də çox şey asılıdır. Sadəcə, yaxşı transferlər etmək üçün maliyyə vacibdir. Maliyyə olmasa, cavan uşaqlarla Premyer Liqada oynamaq bir az çətin olacaq. Pul məsələsi birinci divizionda çətinlik yaradır, qaldı ki, Premyer Liqada olsun. Həyatda hər şeydən öncə maliyyədir. Maliyyə olduqdan sona hər şey öz yolunda gedir. Hər iki komandaya uğurlar arzulayıram”.

Mehri Qurban