A Seriyasının yeni klubundan 3 transfer
İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparacaq klub Xorvatiya “Hayduk”undan müdafiəçi Ardian İsmaylini, “Atalanta”dan yarımmüdafiəçi Federiko Mattielyo və hücumçu Roberto Pikkolini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mattielyo və Pikkoli mövsümün sonuna kimi icarəyə götürülüb. İsmayli isə birdəfəlik transfer olunub və onunla 3 illik müqavilə imzalanıb.
“Priştina”nın yetirməsi olan İsmayli 2016-cı ildən “Hayduk”da çıxış edirdi. 23 yaşlı müdafiəçi daha öncə Kosovo yığmasında oynasa da, 2018-ci ildən Albaniya milli komandasının uğurları üçün çalışmağa qərar verib.
Mattielyo “Yuventus”un yetirməsidir. O, Turin təmsilçisində olarkən “Kyevo” və SPAL-da icarədə oynayıb. 2018-ci ildə isə o, “Atalanta”ya transfer edilib. Bu komandada rəsmi oyun keçirməyən 25 yaşlı italyan futbolçu son iki ili SPAL, “Bolonya” və “Kalyari”də icarədə keçirib.
Pikkoli isə “Atalanta”nın öz yetirməsidir. 19 yaşlı forvard İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinir. O, “Atalanta”nın əsas komandasında da bir neçə oyun keçirib.
Bizi Facebook-da izləyin