Yeni baş məşqçi “Zirə”də zədəlilərin çox olduğunu bilmirmiş – Müsahibə
“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun Komanda.az saytına müsahibəsi:
- “Qəbələ”dən nə üçün ayrıldız?
- Baş məşqçi təklifi daha yaxşıdır. “Qəbələ” rəhbərliyi ilə danışdım, onlar dedilər ki, ayrılmağın işimizə təsir edəcək. Ancaq yenə də, sağ olsunlar, yolumu kəsmədilər, xeyir-dua ilə ayrıldım.
- “Qəbələ”nin də baş məşqçisi yox idi, yenicə təyin olundu. Sizə belə bir təklif olmuşdumu?
- Xeyr, elə bir təklif olmamışdı.
- “Zirə”dəki planlarınız nədir?
- Hazırlaşırıq. Oyundan-oyuna maksimum nəticə əldə etməyə çalışacağıq.
- Qarşınıza hansısa məqsəd qoyulubmu?
- Məqsəd deyəndə ki, klubun öz hədəfi var. Əsas, Avroliqa üçün oynayırıq. Biz də əlimizdən gələni edəcəyik ki, bu nəticəyə nail ola bilək.
- Bunu bacaracağınızı düşünürsüz?
- Bu addımı atanda fikirləşirsən ki, nəyi, necə etməlisən. İnam var ki, bu komandayla hansısa nəticəni əldə edə bilərik.
- Samir Abasov “Zirə”də olarkən komandanın heyətindəki zədəlilərdən şikayət edirdi…
- Zədə hazırda həqiqətən çoxdur. Şikayətlik bir şey görmürəm. Birləşib, uşaqlarla bir heyət qurmalıyıq. Hazırda nədənsə şikayət etmək mənasızdır.
- “Zirə”yə gələrkən heyətlə bağlı problemlərin olduğunu bilirdiz?
- Xeyr, zədəlilərin çox olduğunu bilmirdim. Komandanın içinə girdikdən sonra bildim. “Qəbələ” ilə oyunda da problemləri gördüm. Dəvət gəlib, mən də dəyərləndirmişəm. Təşəkkür edirəm ki, belə məsuliyyətli işə məni məsləhət görüblər. Çalışacam ki, mənə olan ümidləri boşa çıxarmayım.
- Həftəsonu “Neftçi”yə qarşı ilk rəsmi oyununuza çıxacaqsız. Hədəfiniz nədir bu oyunda?
- Heyətdə hansı dəyişikliklər edəcəyimi bilmirəm. Hələ vaxt var. Çalışacağıq ki, yaxşı nəticə qazanaq.
- “Zirə” bu heyətlə çempionatda hansı yerə iddia edə bilər?
- Əsas hədəf Avroliqadır və çalışacağıq ki, buna nail olaq. Hansısa belə iddiamız yoxdur ki, mütləq 2-ci yeri tutmalıyıq və ya mütləq belə olmalıdır. Ancaq iddamız var ki, Avroliqaya gedək.
- “Zirə”nin hazırkı heyəti Avroliqaya getmək üçün kifayət edirmi?
- İndi deyə bilmərəm, gözləmək lazımdır. Ola bilər ki, həqiqətən sənin əlindəki oyunçular yüksək potensiallıdır, ancaq hardasa, nəsə alınmasın. “Heyətə görə belə edəcəyik, elə olacaq” deyə bilmərik.
- İndidən transferlər haqda düşünürsüzmü?
- Xeyr, hələ qarşıda 7 çətin oyunumuz var. Bu haqda ümumiyyətlə düşünmürük. Bu oyunlara hazırlaşacağıq. Çalışırıq ki, zədəliləri tez qaytaraq.
- “Qəbələ”də çalışırdız. Hansısa oyunçu varmı ki, onun “Zirə”yə gəlməsini istərdiz?
- Bu haqda düşünməmişəm, düşünsəm də, fikir bildirmək düz deyil. Qışı fikirləşmirəm. Hazırda tək düşündüyüm “Neftçi” ilə oyuna yaxşı hazırlaşmaqdır. Əvvəl “Neftçi” ilə oyuna, sonra o birisi, daha sonra o birisi. Yəni oyunlara sıra ilə hazırlaşacağıq. Qış fasiləsi olanda artıq nələrisə fikirləşməyə başlayacağıq. Ümumilikdə hazırda qışla bağlı heç nə düşünmürəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin