Qurban Qurbanov: “Belə təxribatlara uymalı deyilik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında ilk hissədə qeydə alınan erməni təxribatından da söz açıb.
“Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdı. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdu. Biz burdan gözəl qələbə ilə dönürük.
Meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacaqdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil”.
Qurbanov klub rəhbərliyinin bu məsələ ilə bağlı UEFA-ya müraciət edəcəyini bildirib: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.
Təcrübəli mütəxəssis ikinci hissədə əvəzlədiyi Qara Qarayevin diz nahiyəsində ağrıları olduğunu və buna görə onu meydanda saxlamağa risk etmədiyini söyləyib.
Qurbanov qarşıdakı bütün oyunlara ciddi yanaşmalarının vacibliyini vurğulayıb: “İndidən hər hansı fikir söyləyə bilmərik. Çox vacib 3 xal qazandıq. Qrupun favoriti “Sevilya”dı. Qalan 3 komanda isə 1/16 finala növbəti vəsiqə uğrunda öz aralarında mübarizə aparacaq”.
Bizi Facebook-da izləyin