“Qarabağ”dan ayrılan hücumçu ağır zədə aldı
Bu qış “Qarabağ”dan ayrılaraq Macarıstanın “Ferentsvaroş” klubuna transfer olunan Kvabena Ovusu sıradan çıxıb.
Komanda.az xəbər verir ki, qanalı hücumçu ölkə çempionatının 18-ci turu çərçivəsində baş tutan “Uypeşt”lə matçın sonlarında ağır zədə alıb.
Rəqib futbolçu ilə mübarizə zamanı topuğunu zədələyən 25 yaşlı forvard meydanı xərəkdə tərk edib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu və nə qədər yaşıl meydanlardan kənar qalacağı ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
Ovusunun 61-ci dəqiqədə meydana buraxıldığı bu oyunda komandası 3:1 hesablı qələbəyə sevinib.
Onu da xatırladaq ki, “Qarabağ”ı bu qış tərk edən və Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges də debüt matçında ağır zədə almışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin