“Hara gəldiyimi yaxşı başa düşürəm” – Tərlan Əhmədov
“Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə iştirak edən klubun İdarə Heyətinin sədri İlqar Nadiri Tərlan Əhmədova inandıqlarını, onun təyinatının komanda üçün xeyirli olacağını bildirib.
Gəncə azarkeşlərinin tələbkar olduğunu qeyd edən İdarə Heyətinin sədri yeni baş məşqçinin komandanı düşdüyü vəziyyətdən çıxaracağına ümid etdiklərini söyləyib. Əlavə edib ki, Tərlan Əhmədov ölkədə tanınan mütəxəssislərdəndir və o, “Kəpəz”ə hədəfinə çatmaqda kömək edə biləcək.
Jurnalistlərin suallarını cavablandıran Tərlan Əhmədov bunları deyib: “Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. “Kəpəz”in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bu ənənələri bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm. Çətinlikləri bilirəm. Amma bu, bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz. Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət Premyer Liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən şansdan istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun”.
Təqdimat mərasimində İdarə Heyətinin üzvləri də iştirak ediblər.
Bizi Facebook-da izləyin