Rəhman Hacıyev: “Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi”
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, 2 illik fasilədən sonra yenidən “ağ-qaralar”ın düşərgəsində olmağı haqda təəssüratlarını bölüşən təcrübəli yarımmüdafiəçi yeni mövsümə hazırlığı da dəyərləndirib.
- Rəhman, müqavilə ilə “Neftçi”yə məxsus olsan da, son iki mövsümü “Şamaxı” klubunda keçirmisən. Yenidən ağ-qara formanı geyinməyinlə bağlı təəssüratlarını bilmək istərdik.
- 2 ildən sonra “Neftçi”yə qayıtdığım üçün sevinirəm. Başqa komandanın heyətində “Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi. Düzdür, keçmiş komandamın qələbəsi üçün əlimdən gələni edirdim, amma “Neftçi”yə qol vuranda içimdən sevinmək gəlmirdi. Komanda dəyişmək, ora uyğunlaşmaq asan deyil. Amma mən 6 il burada oynadığım üçün “Neftçi”nin necə böyük klub olduğunu yaxşı bilirəm, komanda üzvlərinin çoxunu yaxşı tanıyıram. Buna görə də “Neftçi”yə qayıtdığım üçün çox xoşbəxtəm.
- Artıq təlim-məşq toplanışının ikinci mərhələsi başlayıb. Yeni baş məşqçi və köməkçilərinin rəhbərliyi altında yeni mövsümə hazırlıq necə gedir?
- Hazırlıq çox yaxşı davam edir. Məşqlərə hələ Bakıda olarkən başlamışdıq ki, bu, bizim üçün üstünlükdür. Çünki daha tez güc yığmaq, daha tez hazır olmaq çox önəmlidir. Baş məşqçi və köməkçiləri çox güclü mütəxəssis və gözəl insanlardır. Çox yaxşı məşq keçirlər. Bunu hazırlıq prosesində görürük. Hamımız həvəslə, istəklə çalışırıq. Bunlar çox önəmlidir.
- 2 illik fasilədən sonra yenidən “Neftçi”yə uyğunlaşmaqda çətinlik çəkmirsən ki? Necə düşünürsən, əsas heyətdə şans qazanmaq üçün komanda yoldaşlarınla rəqabətdə üstün ola biləcəksən?
- 2 ildən sonra yenidən “Neftçi”yə uyğunlaşmaq mənim üçün çətin olmadı. Çünki bayaq qeyd etdiyim kimi, 6 il bu komandanın formasını geyinmişəm və buradakı futbolçuların çoxunu yaxşı tanıyıram. Bəziləri ilə əvvəllər bir yerdə oynamışıq, bəziləri ilə çempionat matçlarında görüşmüşük. Əsas heyətdə yer almağa gəlincə, bu həm də məndən asılıdır. Daha çox çalışacağam, komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm. 2 ildən sonra bura çox böyük məqsədlə qayıtmışam. İnşallah, bu mövsüm məqsədimə çataram, arzum gerçəkləşər.
- Komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. “Neftçi”nin bu mövsüm avrokuboklardakı çıxışından nə gözləyirsən?
- “Aris” yaxşı komandadır. Kipr təmsilçisi ilə oyuna çox ciddi hazırlaşırıq. İnanıram ki, qələbə qazanıb mərhələ adlayan tərəf biz olacağıq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin