Avropa çempionlarının təntənəli qarşılanma mərasimi keçirildi – video

Rumıniyanın Buxarest şəhərində rekord nəticəylə Avropa çempionu olan yunan-Roma güləşi üzrə U-17 milli komandası dunən gecə vətənə qayıdıb.

Komanda.az xəbər verir ki, 8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan yığma komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük çoşğuyla qarşılanıb.

Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının nümayəndələri, jurnalistlər, yeniyetmə idmançılar və milli üzvlərinin yaxınları iştirak edib.

Komandanın böyük məşqçisi Taleh İsrafilov qələbəni belə şərh edib:

“İkinci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. 51, 65 və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İnşallah, bu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik”.

U-17 Avropa çempionatında 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) bunları deyib:

“Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. 8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edərik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq”.

Digər Avropa çempionu Məhəmməd Qasımzadənin (60 kq) fikirləri isə belə olub:

“Hamı yarışa çempion olmağa gedir. Uşaqlarımız yaxşı güləşdi. Hamısı döyüşdü, əziyyət çəkdi və bunun da nəticəsini gördülər. 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazandıq. Öz görüşlərimə gəlincə, əvvəlcə erməni rəqibimə 8:7 hesabıyla qalib gəldim. Daha sonra Moldova və Finlandiya güləşçilərini 9:0 hesabıyla məğlub etdim. Finalda isə Gürcüstan idmançısına 9:1 hesabıyla qalib gəlib Avropa çempionu oldum”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button