Millinin yeni baş məşqçisi: “Məqsədim tarix yazmaqdır”

“Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Pedro Roke deyib.

Təcrübəli mütəxəssis yığmamızın “sükanı arxasına” keçməsinə münasibət bildirib. O qeyd edib ki, qarşısına qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi, bu dəfə də Azərbaycan boks tarixinə ilklə düşəcəyinə inanır:

“2024-cü il Paris Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam. Bura qayıdışımın əsas səbəbi Rio-de-Janeyro-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.

Kubalı məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçularımızın döyüşlərini izləyib və onlar haqda müəyyən məlumata malikdir:

“ABŞ-da yaşasam belə, milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button