“Tilsimi heç cür qıra bilmirəm” – Namik Ələskərov
Türkiyənin “Bursasor” klubunda çıxış edən azərbaycanlı futbolçu Namik Ələskərov 1-ci liqanın 30-cu turunda “Kocaelispor”la görüşdən sonra yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, 2:1 hesablı qələbə qazandıqları oyunda məhsuldar ötürmə ilə yadda qalan futbolçu bir neçə oyundur qol vura bilməməsi haqda da danışıb:
“Həmin epizodda bir az tələsdim. Bir addım da atıb zərbə vursaydım, daha yaxşı alına bilərdi. Son vaxtlar nədənsə qol vurmaqda çətinlik çəkirəm. Bir qol vursam, ardı gələcək. Tilsimi heç cür qıra bilmirəm. İnşallah, qarşıdakı matçlarda qol və ötürmələrlə komandama faydalı ola bilərəm”.
27 yaşlı futbolçu 18-ci pillədə olan komandasının 1-ci liqada qalacağına inandığını deyib:
“Ümid edirəm ki, “Bursaspor” 1-ci liqada qalacaq. Bu komandanın aşağı liqaya düşməsini fikirləşmək belə, istəmirəm. Buna görə də, son tura qədər mübarizəmizi davam etdirəcəyik. İnanırıq ki, aşağı liqaya düşməyəcəyik”.
“Kocaelispor”a qarşı matça start heyətində çıxan Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub.
Bizi Facebook-da izləyin