“Qarabağ” Ferqyusonun “yuva”sı olan komandaya qarşı – Yazı+Fotolar

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən komanda Şotlandiya Premyer Liqasında mübarizə aparır. “Aberdin” ötən mövsümü 4-cü sırada bitirib. Komanda hazırda davam edən 2021/2022 mövsümünün ilk iki turundan sonra maksimum nəticə göstərib və 2-ci sırada qərarlaşıb. “Aberdin” ev oyunlarını 22 min 199 nəfərlik “Pittodri” stadionunda keçirir.

“Pittodri” stadionu

“Aberdin”i şotlandiyalı Stiven Qlass çalışdırır. 45 yaşlı mütəxəssis bu ilin martından komandada baş məşqçilik edir. “Aberdin”in heyətində 12 legioner var. Komandanın yaş ortalaması isə 26,9-dur. “Transfermarkt”da dəyəri 11,07 milyon avro olan (“Qarabağ”da bu rəqəm 11,78 milyon avrodur) komandanın ən bahalı futbolçu Levis Ferqyusondur. 21 yaşlı yarımmüdafiəçinin qiyməti “transfermarkt”da 2,2 milyon avrodur.

“Aberdin” “Seltik” və “Reyncers”dən sonra Şotlandiyanın ən titullu komandalarındandır. Aberdin təmsilçisi 4 dəfə Premyer Liqanı, 7 dəfə ölkə kubokunu, 6 dəfə liqa kubokunu qazanıb. Şotlandiya təmsilçisi avrokuboklarda da uğurlu nəticələr əldə edib. Belə ki, komanda 1982/1983 mövsümündə UEFA kubokunun, 1983/1984 mövsümündə isə UEFA superkubokunun qalibi olub. Bu dövrdə komandanı tanınmış şotland mütəxəssis Aleks Ferqyuson çalışdırırdı. Yeri gəlmişkən, “Aberdin” Ferqyusonun komandaya qazandırdığı uğurlara görə “Pittodri” stadionunun ərazisində ona heykəl qoyacaq. Ferqyuson məhz 1986-cı ildə “Aberdin” klubundan ayrılaraq, “Ser” ləqəbini qazandığı və adını futbol tarixinə qızıl hərflərlə yazdırdığı “Mançester Yunayted”lə müqavilə imzalayıb.

Aleks Ferqyuson

“Aberdin” bu mövsüm 6 rəsmi oyuna çıxıb. Bunların 4-ü Konfrans Liqası, 2-si isə Premyer Liqa çərçivəsində olub. Konfrans Liqasında mübarizəyə 2-ci mərhələdən başlayan şotlandlar ilk olaraq İsveç “Hakken”ini mübarizədən kənarlaşdırıb (5:1, 0:2). 3-cü mərhələdə İslandiyanın “Breydablik” səddini aşan (3:2, 2:1) “Aberdin”in pley-off mərhələsindəki rəqibi isə “Qarabağ” olacaq.

“Aberdin” bu mövsüm keçirdiyi rəsmi oyunlarda 14 qol vurub, 7-ni buraxıb. Komandanın hazırkı bombardiri amerikalı Kristian Ramiresdir. Onun aktivində 4 qol var.

Kristian Ramires

“Qarabağ” buna qədər bir dəfə avrokuboklarda Şotlandiya təmsilçisinə rəqib olub. “Köhlən atlar” 2015/2016 mövsümündə Çempionlar Liqasının 3-cü mərhələsində “Seltik”lə qarşılaşıb. İlk oyunda səfərdə rəqibinə minimal hesabla uduzan “Qarabağ”, Bakıdakı oyunda 0:0 hesablı heç-heçə etsə də, bu, mərhələ adlamaq üçün kifayət etməyib.

“Qarabağ” “Aberdin”lə ilk oyununu avqustun 17-də Bakıda, cavab matçını isə 26-da Şotlandiyada keçirəcək.

“Qarabağ” – “Seltik”
Stiven Qlass – “Aberdin”in baş məşqçisi

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button