“Qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam”
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirən Azərbaycan millisi səfərdə Yunanıstan yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, oyunla bağlı Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
“Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da daha ürəkaçan idi. Taktiki planda da futzalçılar verilən tapşırıqları yerinə yetirdilər. Əsas problemimiz yenə yaratdığımız epizodları qola çevirə bilməməyimizlə bağlıdır. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni də qazana bilməyəcəyik.
Yunanlara qarşı müdafiədə daha səliqəli oynadıq, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik. Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindir. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazanmağımıza və birinci pillədə möhkəmlənməyimizə görə məmnunam. Ancaq hələ mübarizə başa çatmayıb. Biz məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova həqiqətən də yaxşı kollektivə sahibdir”.
Bizi Facebook-da izləyin