Palaza bürün, şalvarla sürün!
Rəşad Fərhadoğlu
Əllərindəki süpürgəni görən hər kəsi sevinc hissi bürümüşdü. Məşhur “sehrli süpürgə” ola biləcəyini düşünür və hesab edirdilər ki, arzuladıqları cəmiyyətə, yaxud arzularının dövlətinə gedəcəklər. Çünki yaşadıqları dövlətdə son günlər ilginc yeniliklər yaşanmaqdadır. Möcüzənin süpürgə vasitəsiylə gəlməsi istisna olunmamalı idi. Amma olundu. Demə, bu süpürgə uşaq vaxtı analarımızın üzərimizdə sınaqdan keçirdiyi “zıvırkeş”dən idi. Təsəlli odur ki, 8 martda feministlərin başına gələn, martın 8-i də daxil olmaqla ilboyu futbolsevərlərin başına gəlir. Onları kimliyi məlum olmayan təmizlikçilər, bizi isə idarə edənlərdən tutmuş futbolçulara, hakimlərdən tutmuş sponsorlaradək, hər kəs “çırpır”, palaz kimi. Nəticələri belə deməyə əsas verir.
Əvvəllər əllərimizdəki barmaqları qatlayıb səbr edirdiksə, indi ayaq barmaqları da yummuşuq. Ortada isə içi yeyilmiş qoz qabığı var. Acından günorta deyil, axşamüstü ayılan, nə mədəniyyəti, nə iqtisadiyyatı olan, nə də insan hüquqlarına hörmət qoyan almanlar, futbolda da bizim yanımızda heç nədir. Öyrənməli olduqları çox şey var. Məsələn, BMW avtokonserni Münhen “Bayern”inə yalvarır ki, 800 milyona sponsor olsunlar. Amma Azərbaycanda əksidir. AFFA yalvarır ki, ölkə klublarına maliyyə dəstəyi verən tapılsın. İqtisadi durumumuzun mükəmməlliyi bunu qaçılmaz, labüd edir. Nöyütün qiymətinin enməsi SOCAR-a künc-bucaqda qalan pulu “çimizdirmək” üçün 10-15 klubu saxlamağa imkan vermir. Bir-ikisinə ancaq gücləri yetər.
“Azərsun” isə əvvəldən “Qarabağ”a calanıb. Xalqın rifahının “parlaması” Ağdam təmsilçisinin büdcəsinin şaqqalanması ilə nəticələnib. “Sem əmi”nin xeyli dəyərə minməsi, bütün azərbaycanlıların, eləcə də azərbaycanca düşünüb, türkcə danışanların vəziyyətini “urusca” edib. Oliqarxların əvvəllər dollarla qazandıqları rəqəmin indi manatla əvəzlənməsi, futbolu sözün bütün mənalarında “11 metrə”yə qoyub. “Qəbələ”nin turnir və ya “turnik” cədvəlindəki yeri, eləcə də digər komandaların yersizliyi bunun əyani təsdiqidir.
Əyanilikdən söz düşmüşkən, yadıma Gürcüstan düşdü. Büdcəsinin 1/4-ni təhsilin həm əyani, həm qiyabisinə yönəldən Tbilisi, görəsən, nəyə nail olmaq istəyir? Axı təhsil kimə nə verib?! İdmanı, lap elə futbolu dərk eləmək olar, qazanırsan, aparıb çay evlərində qəlyana, barlarda və otellərdə qızlara xərcləyirsən. Beləcə, dünya görüşün, səviyyən artır. Oxumaqla bunu etmək olarmı? Təhsil alan, yaxud təhsilli olan büdcədən və xalqdan milyardları çırpışdıra bilərmi? Birmənalı şəkildə yox. Təhsilli, təmsil etdiyi toplumu, dövləti düşünər, yalnız özünü deyil. Şükürlər olsun ki, biz gürcülər kimi deyilik. Onlar kimi düşünmürük. Biz sağlamlığımızı və buna müvafiq olaraq idmanımızı düşünürük. İnsanın “tupoy” olmaması deyil, sağlam olmasıdır əsas. Odur ki, əmr bəllidir: “İrəli!”
Bizi Facebook-da izləyin