Xoş gəldin, Qarabağ, gülə-gülə, “Qarabağ”?

Vüsal “Aydın” Qəmbərov

“Qarabağ”ın 7 il sürən hegemonluğu başa çatdı və nəhayət, Azərbaycan artıq qaçqın olmayan, artıq əsas hədəfi “Qarabağ həqiqətlərinin dünyaya çatdırılması” olmayan bir klubu çempion olaraq gördü. Düz 8 il sonra Qarabağı o taxtdan, elə o taxtı “Qarabağ”a təhvil verən “Neftçi” endirdi. Bu, həm də o deməkdir ki, 11-ci mövsümdür ki, dalbadal cəmi iki klub o taxtda otura bilib. Futbolumuzun indiki durumunu nəzərə alsaq, hələ bir neçə il də bunun dəyişməyəcəyini güman etmək olar. Vaxtında imkan versəydilər “Qəbələ”yə… Nə isə, keçək mətləbə.

* * *

Burda bir haşiyə daxil edəcəm. Oyundan əvvəl süni ajiotaj, oyundan sonra süni səs-küyə baxıram, adama elə gəlir, əməlli-başlı çempionatımız var, rəqabət gedir, iki klub bir-birini qırır və əməlli azarkeş marağıyla müşaiyət olunur bu olanlar… Kefinizi pozmaq istəməzdim, amma gerçək odur ki, Azərbaycanda futbol çempionatı yoxdur. Belə çempionat olmur. Elçin Məsiyev və onun hakimliyi bu faciənin içində inanın çoooox balaca bir elementdir.

Azərbaycan futbolunda yeni dövr: Yaxşı, yoxsa pis?

Soyuq başla əslində nəyin baş verdiyini və bu baş verənin önümüzdəki illərdə Azərbaycan futboluna necə təsir edəcəyini anlamağa çalışdım. Və yığdığım məlumatla, qarşımda yaranan mənzərə sadəcə kefimə soğan doğradı. Özü də adi və ya qırmızı şirin soğan da yox, zəhər kimi Hövsan soğanı.

Niyə?

Dövrlərə ayırsaq, müstəqil Azərbaycan futbolunda təxminən belə bir şey əmələ gələr:

  • 90-cı illər: Bol və kasıb klub. Geniş yerli futbolçu hovuzu, yığıb-yığışdırma legionerlər. Daxildə maraqlı intriqalar, oyun alıb-satmalar, rəqabət və… Avropada biabırçılıqlar.
  • Millenium: Təxminən 1998-2002. Saşanın “Şəmkir”inin gətirdiyi inqilab. Çempionlar Liqasında ilk mərhələ. Yerli futbolçulara nümunə ola biləcək legionerlər. Avropada sentyabrı görməyə ümid.
  • “Naval”: 2003-2013. AFFA-da “çevriliş”. Sponsor pulları. Televizorda gördüyümüz legionerlər. Əli pul görən futbolçular və futbol funksionerləri. Bu pulun müqabilində xırda uğurlar. “Neftçi”nin ilk qrup mərhələsi bileti.
  • “Qarabağ” dövrü: Dünyadakı böhranın Azərbaycana 2013-də gəlib çıxmasıyla, sponsorların çoxu əlini futboldan çəkməli oldu. Çəkmək istəməyənlərdən Mübariz Mənsimov və Hafiz Məmmədov isə məcbur qaldılar. Nəticədə futboldan daha böyük hədəfi olan “Qarabağ” sponsoru “Azərsun”un ağıllı menecmenti və Qurban Qurbanov fenomeni ilə “ayıbımızı örtdü”. Yetmədi, ÇL-in qrup mərhələsinə qədər gedib çıxdı. 2017-nin yayında Kulmbaxda oyuna tək baxandan sonra göz yaşlarımı saxlaya bilməmişdim. Qurban müəllimin o kövrəlməyini unutmaqmı olar?

“Neftçi”nin çempionluğu bu dövrün sonu deməkdir. Buna futboldankənar bir faktoru da əlavə edək: Qarabağın işğaldan azad olunması. Deməli, artıq “Qarabağ”ın Avropadakı çıxışı ölkəmiz üçün əvvəlki qədər önəmli olmayacaq. Bu isə “Azərsun”un onsuz da, özünü ticari olaraq çox da doğrultmayan layihəsinə daha az büdcəylə davam edəcəyini düşünməyə əsas verir.

Azarkeş yoxdursa, pul yoxdur, pul yoxdursa, futbol yoxdur!

Bir daha yazıram: “özünü ticari olaraq çox da doğrultmayan layihə”!

Klubların UEFA reytinqinə baxaq: 7 il öncə ilk 30-luğa daxil olmuşuq və hətta 3 il əvvəl 23-cü yerə qədər qalxmışıq. Son mövsümü 26-cı tamamladıq, yeni mövsümə isə 28-də başlayacağıq. İlk 30-luqdan bu il enməyimiz real görünmür.

İndi gəlin baxaq, görək bu müddətdə hansı çempionatlardan yuxarıda dayanmışıq?

Macarıstan, Serbiya, Bolqarıstan, Norveç, hətta və hətta bəzi illər Şotlandiya, Rumıniya, İsrail, Polşa.

Hisslərim sizə qədər çətin gəlib çata və ya ümumiyyətlə, bunun Avropa futbolu üçün nə qədər qəribə bir şey olduğunu hansı sözlərlə ifadə edə bilərəm, bilmirəm. Norveçdə peşəkar çempionat 4 səviyyədə keçirilir və ölkədə yüzlərlə peşəkar futbol klubu var. Polşa – əhalisi 40 milyona yaxın olan, futbolla nəfəs alan, 4 böyük klub azarkeşinin bir-birini bıçaqlamağa hazır olduğu və kifayət qədər varlı ölkədən danışırıq.

Bəs bizdə? Son illərdə Premyer Liqamızın oyunlarına ortalama 250-300 azarkeş gedə, ya getməyə. Onların əksəri də futbolçuların yaxınları və qohumları. Bəzən PFL azarkeş sayı bilinməsin deyə, saymağa utanıb.

Bunun məsələyə nə dəxli var?

Elə problem də burdadır. Azarkeş yoxdursa, pul yoxdur, pul yoxdursa, futbol yoxdur. Sponsor hesabına fırlanan futbol bir ərəblərdə var, bir də bizdə. Qazaxıstanda belə, futbol o böyük, ucsuz-bucaqsız ölkənin şəhərlərinə yayılıb deyə, orta səviyyədə azarkeş marağı formalaşıb. Məsələn, 2010/11-dən 2016/17-yə ortalama azarkeş sayı iki dəfə artıb (775-dən 1503-ə).

Bu anlamda, 2003-dən sonra dövlətin marağı, 2013-dən sonra isə “Qarabağ”ın missiyası Azərbaycan futbolu adlı qırılğan varlığı diri saxladı. Bütün dünyada klub sahibləri futboldan pul qazandığı halda, bizdə bunun adı “sponsorluq” və ya elə bizcəsi, “klub saxlamaq” oldu.

Halbuki, AFFA bu inadından əl çəksə və bölgə klublarına dəstək verilsə, orda kifayət qədər azarkeş var… Nə isə… (Açığı, bu mövzunun ən yüksək səviyyədə dilə gətirildiyini bilirəm. Hələ də həll olunmamış qalması bir az qaranlıqdır)

Bir də, işin digər tərəfi var…

Hegemonluqlar bitəndə nə olur?

Qısa müstəqillik tariximizdə bir klubun liqamızı və futbolumuzu dominə etməsini ilk dəfə “Qarabağ”la gördük. Ondan öncə futbolumuzda mütləq bir rəqabət mövcud olub: “Kəpəz” – “Neftçi”, “Kəpəz” – “Şəmkir”, “Neftçi” – “Xəzər Lənkəran” – “İnter” və sair.

Bu dövrün əvvəl-axır bitəcəyi məlum idi. 7 olmasın, 10 il olsun. Bu il olması çox məntiqli alındı. Yuxarıda dediyim kimi, artıq Qarabağın bizə aid olduğunu heç kimə sübut etməyə ehtiyacımız qalmayıb. Və ya, ən azından bu ehtiyac azalıb. Həm də, elə bununla əlaqəsi var və yox, “Qarabağ” bu 7 ildəki ən zəif dövrünü yaşayır deyə bilərik. Əslində “Sportinq”, “Arsenal” və “Vorskla” ilə bir qrupda olduğu 2018/19 mövsümündə də vəziyəti yaxşı deyildi, amma o vaxt “Qəbələ” də enişdə olduğu üçün heç kim dayandıra bilmədi ağdamlıları. Amma bu dəfə alındı. Düzü, “Neftçi”nin çempion olacaq qədər güclü və möhkəm olduğunu da görmürəm. Amma onu saxlayaq…

İndi nə baş verəcək? “Neftçi” ilə “Qarabağ” arasında rəqabət Azərbaycan futbolunda köhnə günləri geri qaytaracaqmı? Ritorik sualdır. Hansı mənada? Uğursuzluqları geri qaytaracaq, yoxsa qızğın rəqabəti?

Avropada öz liqasını uzun müddət dominə edən klubların milli futbola necə təsir etdiklərinə baxdım. Və nəticə yuxarıda da dediyim kimi, heç xoş olmadı. Xüsusilə, burda bir az da bürokratik və sponsor dəstəyi varsa, güclü klub gücünü itirəndən sonra liqa da kəllə-mayallaq gedib: Fransada “Lion”, Ukraynada “Şaxtyor”, Qazaxıstanda “Astana” (hələ tezdir demək, amma görünən odur ki, qazaxlarda da eniş başlayır), İsveçrədə “Bazel” və sair. Fransa çempionatını ərəb və rus sərmayəsi xilas etməsəydi, bu gediş “böyük beşlik” anlayışını ümumiyətlə silib-süpürəcəkdi.

Bəs hansı halda hegemonluq liqanın ölməsinə yox, inkişafına təkan verib?

Tarixi olan rəqabət və daxili/orqanik azarkeş kütləsi varsa. Bunu Serbiya futbolunda “Srvena Zvezda”nın son həmləsi və “Partizan”ın hegemonluğuna son qoyması, “Reyncers”in illər sonra özünə gəlib Şotlandiya çempionu olması və öz liqalarını UEFA reytinqində ilk 10-a qaytarması, “Qalatasaray”ın uğurunun “Fənərbaxça” və “Beşiktaş”a təkan olması kimi nümunələrdə görmək olar.

Nəticə olaraq, təxmin edirəm ki, yeni bir təkan və sistemli iş olmasa, Azərbaycanda klub futbolu ciddi enişə qədəm qoyacaq. Ümid edirəm ki, 2023-ün payızında bu yazını açıb oxuyanda “səhv düşünmüşəm” deyərəm…

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button