Bundesliqa klubunda isveçli hücumçu

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İsveç milli komandasının hücumçusu Cordan Larssonu heyətinə qatıb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Rusiyanın “Spartak” (Moskva) klubu ilə müqaviləsinə xitam verən 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Almaniya klubu bu keçidə görə ruslara heç bir təzminat ödəməyəcək. Futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Cordan Larsson 2019-cu ildən “Spartak”da çıxış edirdi. Bu ilin aprelində isə o, İsveçin AİK klubuna icarəyə verilmişdi. Moskva klubunda keçirdiyi 3 mövsüm ərzində 83 oyuna 27 qol vurmuş futbolçu, AİK-də də 11 oyuna 3 dəfə fərqlənib. O, daha öncə “Norçöpinq”, “Neymegen”, “Helsinqborq” və “Höqaborq” kimi klublarda da forma geyinib. İsveçli forvard ölkəsinin əsas yığmasında da 7 oyuna 1 qol vurub.