“Borussiya”nın sabiq müdafiəçisi Super Liqa klubunda

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Verder” klubunun müdafiəçisi Ömer Toprakı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ömer 2019-cu ildən “Verder”də çıxış edirdi. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə Bremen klubunda meydana çıxdığı 21 oyunda 1 qol da vurub. O, karyerası ərzində “Frayburq”, “Bayer” və “Borussiya” (Dortmund) komandalarının da uğurları üçün çalışıb. Türkiyə millisində 27 oyuna çıxan futbolçu 2 qola imza atıb.

“Antalyaspor” üç futbolçusu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Belə ki, braziliyalı dayaq yarımmüdafiəçisi Fernando Martins və sol cinah müdafiəçisi Güray Vural ilə 1 illik, belçikalı qapıçı Ruud Boffinlə isə 1+1 illik yeni sözləşmə imzalanıb.