Azərbaycan kubokunda 18-ci start

Sabah futbol üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.

Komanda.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunları iki günü əhatə edəcək.

“Qəbələ” ilk oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” I Divizion təmsilçisi “Araz Naxçıvan”la qarşılaşacaq. Komanda 1/4 finala vəsiqə uğrunda görüşü Qəbələ şəhər stadionunda keçirəcək.

Bu qarşılaşma ilə “Qəbələ” ölkə kubokunda 18-ci dəfə mübarizəyə qoşulacaq. Kubokda 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” 1 dəfə qalibi olduğu (2018/2019) yarışda daha üç dəfə finalda (2013/2014, 2016/17, 2017/2018) oynayıb. Beş mövsümdə yarımfinalçı (2007/2008, 2008/2009, 2015/16, 2019/20, 2021/22) olan “qırmızı-qaralar” 5 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015, 2020/21) mübarizəni dayandırıb. “Qəbələ” yalnız üç mövsümdə (2005/2006, 2006/2007, 2009/2010) kubokla 1/8 finalda vidalaşıb.

“Qəbələ” ölkə kubokunda yubiley – 75-ci matçına çıxacaq. İndiyədək keçirilən 74 qarşılaşmada “qırmızı-qaralar” 39 dəfə qalib gəlib. Növbəti qələbə yubiley – 40-cı olacaq.

18 dəfə heç-heçə edən komanda 17 dəfə uduzub. Rəqib qapılarından 120 top keçirən “Qəbələ” futbolçuları 71 qol buraxıblar.

Mövsümə evdə başlayacaq “Qəbələ” 38-ci dəfə doğma meydanda qüvvəsini sınayacaq. Əvvəlki 37 oyunda 21 qələbə və 10 heç-heçəsi olan komanda 6 dəfə məğlub olub. 71 qol vuran “Qəbələ” futbolçuları 27 top buraxıblar.

Azərbaycan kubokunda 214 futbolçu qırmızı-qara forma ilə meydana çıxıb. Ürfan Abbasov hamıdan çox – 30 oyunda iştirak edib. Asif Məmmədov 24, Voislav Stankoviç 21, Cavid Hüseynov 20, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17, Dodo 15 dəfə şans qazanıb.

Ölkə kubokunda vurulan 120 qola 59 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. “Qəbələ”nin kubokdakı bombardiri Kənan Kərimovun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənibsə, Viktor Mendi, İbrahim Hüseynov, Ceyms Adeniyi, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 qola sevinib.

Xatırladaq ki, noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz Naxçıvan” oyununa saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button