“Spartalı uşaqlar” və ya… “Heyvagülü”

Rəşad Ergün

Həftədə bir dəfə dostlarla, tanışlarla yığışıb Masazır qəsəbəsindəki süni örtüklü meydançada futbol oynayırıq. Adətən bizdən əvvəl meydançada azyaşlı uşaqların məşqi olur. “Məşqi” yazıram, çünki bu an ağlıma bu sözü əvəz edə biləcək başqa kəlmə gəlmir. Yayın baş gicəlləndirən istisində körpə uşaqlar ayaqları bir-birinə dolaşa-dolaşa az qala özləri boyda olan topun dalınca qaçırlar. Nə tibbi xidmət var, nə günəşdən daldalanmağa kölgəlik, nə də susadıqlarında onlara su verəcək personal. Azyaşlı uşaqlar məşqçilik keyfiyyətinin hansı səviyyədə olduğu bilinməyən bir məşqçinin və Allahın ümidinə qalıblar. Yox, yox, məsələ təkcə Masazır, ordakı məşq şəraiti deyil, Azərbaycanda uşaqların taleyi ilə oynayan, həyatlarıni riskə atan bu cür yerlərin sayı çoxdur. Heç qədim Spartada belə, oğlan uşaqlarına bu cür zülm etmirdilər.

AFFA 30 yaşlı Filip Ozobiçə Azərbaycan pasportu düzəltdirib, onu Azərbaycanın futbol üzrə milli komandasında oynadacaq. Bu günə qədər AFFA-nın neçə dəfə azərbaycanlıların şərəfiylə oynadığını, neçə rusu, gürcünü, ukraynalını, braziliyalını, afrikalını azərbaycanlıların gözünə soxa-soxa milli komandanın formasının içinə SOXDUĞUNU saymayacam, üzərində dayanmayacam. Bu aza qane olan, aza qane ola-ola çoxdan da, artıq çoxdan, lap çoxdan azdan da əlini üzən binəva azərbaycanlı azarkeşlər milli komandanı sevməkdən, formasını kim geyinir-geyinsin, çəpik çalmaqdan yorulmurlar. Onlar AFFA-nın baş katibi Elxan Məmmədovun kəşfi olan “hibrid” Eddi İsrafilov üçün də əl çalırdılar, guya azərbaycanlı qanı daşıyan Dmitri Nazarov üçün də, “Samba”nı heç vaxt “Heyvagülü”nə dəyişməyən Almeyda üçün də, “Mehtər marşı” ilə bizim “Cəngi” arasında var-gəl edib, axırda gəldiyi yerdə – Türkiyədə dayanan Dəniz Yılmaz üçün də. Yəni AFFA milli komandaya kimi gətirir-gətirsin, çəpik çalınacaq. Əslində, başqa çarə də yoxdur. Vaxti ilə “Fransadan xalq gətirməyəcəyik ki” deyən mərhum prezident Əbülfəz Elçibəy demişkən, İtaliyadan, İsveçdən, İsvecrədən milli komanda gətirəsi deyilik. Olanımız budur və bu olanın içini Rövnəq Abdullayev, Elxan Məmmədov kimi futbolun “f”-sından qanmayanlar s… Sifəti sifətimizə, adəti adətimizə, dili dilimizə, həyata, futbola baxışı baxışlarımıza zərrəcə bənzəməyənlərlə doldurur.

Mən klublarda əcnəbi futbolçuların oynamasının qətiyyən əleyhinə deyiləm, əksinə, həmişə legioner limitinə qarşı olmuşam. Ancaq 30 yaşlı bir xorvat mənim ölkəmdə oynayacaqsa, onun şərəfini qoruyacağı komanda milli olmamalıdır, “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Sabah” olmalıdır. Ozobiçlər Azərbaycan futbolunun dünəninə vurulan, sabahına çalınan baltanın səsidir. Ağrını hiss edirsizmi?

Dindar biri deyiləm, amma hər zaman inandığım bir şey olub: ilahi ədalət. Masazırda haqqı oğurlanan, kim bilir, hansı əliqabarlı atanın, ananın “oğlum futbolçu olacaq” ümidiylə evdən çıxarıb gətirdiyi, yayın dəhşətli istisində, gündüz saatlarında, susuz, həkim nəzarəti olmadan qan-tər içində topun, pardon, xəyallarının arxasınca qaçan o körpələrin əziyyəti, zülmü bir gün zəhərə, ağuya çevrilib AFFA rəhbərliyinin burnundan gələcək. O körpələrin haqqını yeyən, ozobiçlərə, eddilərə, dmitrilərə yedirən Rövnəq Abdullayevin, Elxan Məmmədovun burnundan gələcək, gəlməlidir. Hə, ədalət topaldır, ağır-ağır gedər, amma gedəcəyi ünvana əvvəl-axır çatar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button