“Qarabağ”ın məğlubiyyətinin günahını AFFA-da görürəm” AÇIQLAMA
Dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Molde” oyunu azərbaycanlı futbol azarkeşlərinin təəssüfü ilə başa çatdı. Norveç təmsilçisi ilə oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşdi. Burda 6:5 hesabı ilə qalib gələn skandinaviyalılar növbəti mərhələyə adladı.
Qarşılaşmadan sonra Ağdam təmsilçisinin oyunu və uğursuzluğu ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Bu fikirlərin əksəriyyəti qaçırılan qol epizodları və futbolçu çatışmazlığı ilə bağlı idi. Ölkədə uzun müddət çempionatın keçirilməməsi, norveçlilərin təmsilçimizlə müqayisədə daha yaxşı formada və tam gücündə olması da nəticənin səbəblərindəndir.
Futbol azarkeşi İlqar Həmzəyev də Komanda.az-a açıqlamasında “köhlən atlar”ın oyunu ilə bağlı fikirlərini bildirib:
“Qarabağ”ın dünənki məğlubiyyəti hamımız təəssüfləndirdi. Mən “Qarabağ”ın məğlubiyyətinin günahını AFFA-da görürəm. Bu barədə dəfələrlə danışmışıq, amma görürəm ki, nəticə yoxdur. Düşünürəm ki, məğlubiyyətin əsas səbəbi legioner limiti ilə əlaqədardır. Götürək İngiltərə Premyer Liqasını. Bu çempionatda futbolçu məhdudiyyəti yoxdur. Hər bir klub istədiyi qədər əcnəbi futbolçu oynada bilər, nə də olsa, bu, biznesdir. UEFA-nın 6+5 limiti var, lakin bu, tövsiyə xarakteri daşıyır. AFFA isə klubları buna məcbur edir. Belə olmaz axı. Hər bir klub müstəqildirsə, heç bir federasiya onu yerli futbolçularla oynamağa məcbur edə bilməz. Bunu çıxış yolu kimi təklif edirəm, limiti aradan qaldırın. Vaqif Sadıqov kimilər oturub orda, Lixtenşteyn faciəsi onun üzərindədir, özü heç bir klubu çempion edə bilməyib. Bu barədə bir dəfə onun özünə də demişəm, oturublar orda, özlərindən qərarlar verirlər. Vaqif Sadıqov, Elxan Məmmədov əsassız, heç bir məntiqi olmayan qərarlar verir. Premyer Liqada və birinci divizionda 8-9 klubu maliyyələşdirən AFFA-dır, 2-3 klub qalıb ki, onlar da müstəqil fəaliyyət göstərir. AFFA maliyyələşdirdiyi klublara yerli futbolçu məcburiyyəti qoyub, əsas diqqəti futbolçu yetişdirməyə versin, digər klublarda isə legioner limiti götürülsün. Millinin baş məşqçisi Canni De Byazi də futbolçu izləmək istəyirsə, o 8-9 klubdan seçsin futbolçuları. Dünənki oyunda Mahir Emrelinin əvəzinə orta səviyyədə başqa futbolçu olsaydı, o epizodlar qolla nəticələnərdi.
Müstəqillikdən bu yana ölkə futbolunda limit tətbiq edilir. Yaxşı, AFFA-ya sual verirəm, niyə ölkənin bir futbolçusu Avropanın orta səviyyəli klublarında əsas heyətdə oynamır? Niyə görə millimiz Avropa və dünya çempionatının finalına vəsiqə qazanmır? Demək Azərbaycanda futbolçu yetişməyəcək, Avropada oynayan oyunçumuz olmayacaq. Klub səviyyəsində müəyyən uğurlarımız var, bunları davam etdirək ən azı. Bizdə uğur ancaq klub səviyyəsində olacaq. Milli komandada ancaq məşqçilər dəyişir, amma heç bir uğur yoxdur. Nə Elxan Məmmədov, nə Rövnəq Abdullayev bu məsuliyyəti öz üzərinə götürür. İndiyədək digər ölkələrin millilərində belə hallar baş verib. Rusiya, İtaliya futbol federasiyalarının rəhbərliklərinin uğursuzluqdan sonra yekdil şəkildə istefa verdiyini görmüşük. Bizə kiminsə məsuliyyəti üzərinə götürməsi də xeyir verməyəcək. Bizim üçün yeganə təsəlli klub uğurlarıdır. Ən azından legioner futbolçular sayəsində uğur görə bilərik.
“Molde” ilə oyunda taktika düzgün, sistem yaxşı, oyuna yanaşma yaxşı, amma bütün bunları həyata keçirəcək futbolçu yoxdur. Qurban Qurbanov yazıq neynəsin ki? Legioner futbolçu ehtiyatda qalmağa gəlir? Yeganə çıxış yolu futbolçu limitini götürməkdir”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin