“Müdafiəçilərə deyirdi ki, “irəli gedin, qorxmayın, üç top buraxmışıq, amma biz də vuracağıq” – Müsahibə+Foto
“Unuda bilmədiyimiz oyun”
Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.
Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 2005-ci ildə, DÇ-2006-nın seçmə mərhələsində Polşaya 0:8 hesabıyla uduzan Azərbaycan milli komandasının sabiq məşqçisi Elxan Abdullayevdir.
- Elxan bəy, Azərbaycan milli komandasının Polşaya 0:8 hesabıyla uduzduğu matçda yığmanın baş məşqçisi Karlos Alberto Torresin köməkçilərindən idiz. Həmin oyunla bağlı xatirələriniz necədir?
- Polşa… Karlos Alberto Torresin vaxtında idi də. Heç nə, yadımda nə qalacaq? Ən pis xatirələr.
- Pis xatirələr deyirsiz, belə bir nəticənin səbəbi nədə idi?
- Belə deyim, şoka düşmüşdük. Bizə dalbadal qol vururdular, inan mənə, hələ çox qol vurmalıydılar. Orda Dmitri Kramarenko çox topları çıxartdı. Nə bilim, qara gün idi, bizim qara günümüz idi, nə deyim? Adam heç o günü yada salmaq istəmir. Əşi, olur da… Futboldur, olanda olur. O gün də “Bavariya” gördüz “Barselona”nı nə günə saldı? Olur da futbolda belə nəticələr. Nə deyim, nə vururdular girirdi, özü də yağışlı hava idi. Yadımdadır, azarkeşləri də qışqırırdı ki, “bir daha, bir daha”. Tribunalar qışqırır, onlar da qol vururdular.
- Həmin oyunla bağlı belə bir iddia var idi ki, futbolçular bilərəkdən uduzublar.
- Yox əşi, bunlar gülməli şeylərdir. Milli komandanın səviyyəsində belə söhbətlər gəzməməlidir. Hansı futbolçu onu edər ki? Görürsüz də, Polşadan sonra getdik İngiltərəylə səfərdə oynadıq. O vaxt ingilislər daha güclü idi, amma onlardan iki top buraxmışdıq.
- Milli komandanın oyunlarında futbolçuların bilərəkdən oynamamasıyla bağlı iddialar başqa vaxtlarda da olub. Maraqlıdır, güclü İngiltərədən iki top buraxan komanda, niyə polyaklardan səkkiz top “yedi”?
- Mən yenə deyirəm, bunlar gülməli söhbətlərdir. Belə deyim də, açığı, Polşa kimi rəqiblər bizim üçün uyğun olmayan komandalardır. Polşadır, Slovakiyadır… Belə ölkələr gücə üstünlük verirlər, aqressiv komandalardır və onlarda da həmin gün hər şey alınırdı da.
- Oyunda futbolçularla yanaşı, rəhmətlik Torresin də taktikası çox tənqid olunmuşdu. Belə bir söz-söhbət də var idi ki, futbolçuları düzgün məşq elətdirmir və oyunçular ondan şikayətçidir.
- Torres nəticədən sonra özü də şoka düşmüşdü, deyirdi ki, mənim karyeramda belə nəticə olmayıb. Bilirsiz, Torresin üstün cəhəti o idi ki, o özü Braziliya milli komandasının kapitanı olmuşdu və razılaşmaq istəmirdi ki, bu, Azərbaycan yığmasıdır. Məsəlçün, Azərbaycan millisi hansısa rəqiblə oynayanda elə bil özü meydana çıxırdı, deyirdi bu rəqibi udacağıq, amma həqiqət var da…
- Yəni reallıqla barışmırdı.
- Hə də, reallıqla barışmaq istəmirdi. Polşa ilə oyunda da fasilədə bəzi dəyişikliklər edirdi. Müdafiəçilərə deyirdi ki, irəli gedin, qorxmayın, üç top buraxmışıq, amma biz də vuracağıq. Doğrudan da, reallıqla barışmaq istəmirdi, amma həqiqət də başqa şeydir də. Özü futbolçu olanda çox oyunlar udmuşdu, elə bilirdi yenə belə olacaq. Düzdür, özünə belə inamlı, hirsli olmaq yaxşı şeydir, lakin reallığı da nəzərə almaq lazımdır.
- Torresin reallıqla barışmadığını qeyd edirsiz. Siz də onun köməkçisi olmusuz, ona həqiqəti çatdıra bilmirdiz?
- Deyirdik də, niyə demirdik? Amma şokda idi də, necə izah edim? O balaca uşaqlar olur ha, “deyir ki, top mənimdir, mən də oynamalıyam”, bax, o da elə idi. Ona reallığı deyirdik də, nöş demirdik? Deyirdik ki, Torres, üç top buraxmışıq, nəsə etmək lazımdır. Amma cavabı o idi ki, “buraxmışıq da, nə olacaq? Lap beşini buraxaq, ancaq biz də heç olmasa, birini vuraq da”.
- Polşa ilə matça üç hücumçuyla çıxmaq da onun fikri idi?
- Hə də… O braziliyalıdır da, fikirləşirdi ki, “əşi, Polşa nə komandadır ki, gəlib məni də udsun?” Amma sən baş məşqçisən axı, o vaxt futbolçu kimi bəlkə Polşa sənin üçün heç kim olub. Lakin Azərbaycan üçün Polşa güclüdür axı, niyə reallıqla barışmırsan?
- Polşa ilə oyunun fasiləsində futbolçuların meydana çıxmaq istəmədiyi, amma Elşad Nəsirovun (AFFA-nın vitse-prezidenti) zəngindən sonra oyunçuların meydana çıxdığı deyilir. Həqiqətən, belə bir şey olubmu?
- Yox, belə bir söhbət olmayıb, yalandır. Heç vaxt belə bir şey olmayıb.
- Futbolçuların Torresə münasibəti necə idi?
- Futbolçuların Torresə münasibəti çox yaxşı idi. Onlar bir-biriləri ilə mehriban olublar. Bilirsiz, mən deyə bilmərəm ki, Torres məşqçi kimi zəif idi. Onun fikrincə, peşəkarlıq tamam başqa bir şey idi. Mən bu günə kimi deyirəm ki, o olmasaydı, Azərbaycan millisində peşəkarlığın ilk addımları atılmazdı. İlk o deyib ki, futbolçular yaxşı yerdə qalmalı, uzun çarter reyslərindən istifadə etməməli, yaxşı qidalanmalıdır. Bilirdiz də, o vaxt bizdə şərait yaxşı deyildi, qaldığımız otellər nə vəziyyətdə olurdu, uçuşlarımız da 10-12 saat çəkirdi. Bunları düzəldən Torres olmuşdu. Hələ onu da deyim ki, futbolçulara verilən güclü “premya”ları da o gətirib. Torres rəhbərlikdən bunları tələb edən adam olub. Yığmada ən yaxşı vaxtlar mənə görə Torresin vaxtında olub. Düzdür, futbolçunun üstünə qışqırdığı olub, amma futbolçu da başa düşür ki, bu, baş məşqçidir, bunlar normaldır. Nə bir futbolçunu təhqir edib, nə də başqa bir şey.
- Polşa ilə oyunda Aftandil Hacıyevin avtoqolundan sonra Torres ona nəsə demişdi?
- Heç nə, nə deyəcək? Guya faciə olub ki? O qədər futbolçular avtoqol vurub ki… Torres həmişə deyirdi ki, öyrənin, hər şeydən nəsə öyrənin.
- Millinin həmin dövrdə İngiltərə ilə oyununda heyətin futbolçular tərəfindən qurulduğu məsələsi haqda nə deyə bilərsiz?
- Yox, belə olmayıb. Sadəcə, Torres bizi və komandanın aparıcı, lider futbolçularını çağırdı. Bizə – məşqçilərə deyirdi ki, “bəlkə, biz nəyisə düz etmirik? Bəlkə, futbolçular özləri başqa cür oynamaq istəyir?” Futbolçuların heyəti qurmağı söhbəti yalandır, sadəcə məsləhətləşmə olub. Torres deyirdi ki, futbolçular necə oynamaq istəyirsə, oynayıb özlərini sübut etsinlər. Sadəcə budur məsələ, məsləhətləşmək başqadır, heyəti qurub oynamaq başqa.
- Torres 0:8 hesabından sonra istefa vermiş, lakin bu, AFFA tərəfindən qəbul edilməmişdi. Polşa ilə Bakıdakı oyundan (0:3) sonra da yığmadakı işindən ayrılmışdı.
- Hə, istefa ərizəsini yazmışdı və demişdi daha işləməyəcəm. Torres bildirirdi ki, mənim karyeramda belə bir məğlubiyyət olmayıb və özünə hörmət edən məşqçi bu nəticədən sonra çıxıb getməlidir və mən də bunu edirəm. AFFA-dan da ona dedilər ki, “yox, bu tək sənin deyil, bütün komandanın səhvidir”. Amma adamın Allahı var da, həqiqətən, istefa ərizəsini yazmışdı. Torres Polşadan yanıqlı idi, qisas almaq istəyirdi. Bakıdakı cavab oyununda da meydandan qovulmuşdu. Bundan sonra rəhbərlik də başa düşmüşdü ki, o, bu əsəblə davam edə bilməz. Torres özü də getmək istəyirdi, rəhbərlik onu çıxarmasa da burdan ayrılmaq istəyirdi.
- Qisas arzusu da alınmamışdı…
- Hə də, nə deyim? Olub keçib artıq…
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin