AMADA-da seçki günü
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.
Komanda.az xəbər verir ki, AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçkiləri keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn formatda keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib. İclasda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün İdmançilar Məsləhətçi Komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.
Sonra komissiya üzvləri tərəfindən sədrlik üçün komissiyanın üzvü, cüdoçu ikiqat paralimpiya çempionu İlham Zəkiyevin namizədliyi irəli sürülüb. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri seçilib. Ona göstərilən etimada görə Zəkiyev təşəkkürünü bildirib. Sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli sürülüb. Keçirilən səsvermədə bu təklif də yekdilliklə dəstəklənib və Hacı Əliyev İdmançılar Məsləhətçi Komissiyasının sədr müavini seçilib.
Bizi Facebook-da izləyin