Tərlan Əhmədov: “Kiminsə yerinə göz dikmək planım yoxdu”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Maraqlı oyun oldu. “Qarabağ” layiqli qəzəbə qazandı. Bu məğlubiyyətə görə futbolçulara deyiləcək söz yoxdu. 3 əsas heyət futbolçumuz yox idi. İşimizi davam etdiririk. Oyunlar getdikcə daha da ağırlaşır. Bu oyundakı səhvlərdən nəticə çıxarmalıyıq.
- Aleksandr Kristovaoya kifayət qədər şans verirsiz. Meydanda gördüyü işdən nə dərəcədə razısız?
- Hiss olunur ki, yavaş-yavaş komandaya uyğunlaşır. Onun iş əmsalı başqadı, Frutosunku başqa. Bu gün fərqli oynamalıydıq, amma itkilərə görə belə oldu. Hələ tam uyğunlaşmayıb.
- Frutosda geriləmə hiss olunmur ki?
- Bir müddət məşqlərdən kənar qaldı. Ona görə tam formasını bərpa etməyib.
- Ruslan Qurbanovu bu gün yarımmüdafiədə oynatdız. Çıxışından razı qaldız?
- Hücumameylli yarımmüdafiəçi kimi oynayırdı. Uzun müddət zədə ucbatından məşqlərdən kənar qalıb. Kamaranı, Turalı əvəzləyəcək yeganə oyunçumuz Ruslan idi. Məcburiyyətdən orda oynadı. Bacardığı qədər mübarizə apardı.
- Müdafiənizin cinahları rəqib üçün açıq dəhliz idi sanki. Təsadüfi deyil ki, ilk hissədən sonra Cabir Əmirlini İlkin Qırtımovla əvəzlədiz. Maraqlıdı, variantınız olsa, Azər Salahlını da əvəzləyərdizmi?
- Bəlkə də dəyişiklik etsəydik, daha böyük fəsad verərdi. Bir oyuna görə kimlərisə ittiham etmək olmaz. Komanda uduzursa, ilk növbədə baş məşqçi günahkardı.
- “Neftçi” ilə xal fərqi xeyli böyükdür…
- Mən söz verməmişəm ki, komanda 1, ya da 2-ci yeri tutacaq. Məqsədimiz mükafatçılar sırasına düşmək və ya avrokuboklara getməkdi. Məni öz oyunlarımız maraqlandırır. Qazana bildiyimiz qədər xal toplamaq istəyirdik. Kiminsə yerinə göz dikmək planım yoxdu.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin