Tanınmış qapıçı karyerasını bitirdi

Meksika millisinin qapıçısı Gilyermo Oçoa peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında emosional paylaşımla elan edib:

“Xəyalın məni hara aparacağını heç təsəvvür belə, etmirdim. Bu gün geriyə qürurla baxıb yalnız bir söz deyə bilərəm: təşəkkür edirəm! Ailəmə təşəkkür edirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm. Bu yolun hər mərhələsində mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm.

Özümlə milyonlarla insanın sevgisini və Meksika üçün əlimdən gələni etdiyimə dair inamı aparıram. Yaşadıqlarımızı heç kim əlimizdən ala bilməz. Hamınıza ürəkdən təşəkkür edirəm”.

2026-cı il dünya çempionatı Oçoanın karyerasında altıncı mundial olub. O, 2006 və 2010-cu illərdə yığmanın heyətində yer alsa da, həmin turnirlərdə meydana çıxmayıb, ümumilikdə dörd dünya çempionatında forma geyinib.

Meksikalı qolkiper 2025/26 mövsümündə Kiprin AEL klubunda çıxış edib. O karyerası ərzində “Amerika”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” və “Salernitana” kimi klubların da şərəfini qoruyub.

Oçoa Meksika millisinin heyətində 154 oyun keçirib ki, bu da yığmanın tarixində üçüncü ən yaxşı göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button