“Neftçi” Samir Abasovla vidalaşmalıdır? – YAZI

“Neftçi” bu mövsüm də əliboş qaldı. Komanda kubokda mübarizəni yarımfinalda dayandırdı, Premyer Liqada isə hazırda “lövbər atılan” 6-cı pillə “ağ-qaralar”ın nə adına, nə sanına yaraşır.

Bu mövsümlə bağlı məsələ aydındır. Əsas sual qarşıdakı mövsümdə nə olacağıdır.

Samir Abasov göndərilməlidir?

Mövsümün əvvəlində Roman Qirorçuku əvəzləyərək, “sükan arxasına” keçən Samir Abasovu xilas edən də elə “Neftçi”yə gəlmə vaxtıdır. Samir bəy hər uğursuz oyundan sonra komandanı yaxşı olmayan vəziyyətdə götürdüyünü, heyətdəki futbolçuların əksəriyyətinin öz seçimi olmadığını vurğulamaqdan yorulmur. Hə, bir qədər haqq qazandırmaq olar. Baxmayaraq ki, “Sabah”la kubokun yarımfinalındakı cavab oyunundan sonra Abasovun şəxsən mənə absurd görünən “futbolçular çatdırmırdı, bu da onların fizikasi ilə bağlıdır” kimi əndrəbadi açıqlamaları da olur. Heyəti sən formalaşdırmaya bilərsən, amma bu futbolçuların fiziki hazırlığına birbaşa cavabdeh sənsən axı. Və oyunçuların matçlara fiziki hazırlığı üçün Abasovun əlində uzun bir dövr, üstəlik qış təlim-məşq toplanışı olub. Bəlkə, “Neftçi” əlavə olaraq Çempionlar Liqasında oynayır, xəbərimiz yoxdur?

Amma hər şeyə rəğmən, “Neftçi” Abasova növbəti mövsüm üçün şans verməlidir deyə, düşünürəm. Birincisi, ölkədə “ağ-qaralar”ı daha uğurlu və əzəmətli olan keçmiş günlərinə qaytara biləcək yerli məşqçilərin sayının çox olduğunu hesab etmirəm. Olanlar da iş başındadır, klubları ilə sözləri, sözləşmələri var. İkincisi, daha bir əcnəbi məşqçi eksperimenti “Neftçi” üçün yenə fəlakətlə nəticələnə bilər. Təcrübə də göstərir ki, nəinki “Neftçi”, ümumiyyətlə, Azərbaycan futbolu üçün əcnəbi məşqçilər nadir hallarda istənilən effekti verir.

Abasov qalmalı, istədiyi heyəti formalaşdırmalı, nəhayət, özünü sübut etməli və komandanı adının öləziməkdə olan gurultusu ilə yox, öz oyunu, nəticələri ilə sayğını, hörməti haqq etdiyini göstərməlidir.

Yaşı əsrə bərabər olan yarımmudafiə xətti

Növbəti mövsüm “Neftçi” üçün “bünövrə dəyişikliyi” ili ola bilər. Komandanın hətta sönməkdə olan şamın işığını xatırladan oyununa və uğursuz nəticələrə rəğmən, yarımmüdafiə xətti digər mövqelərə baxanda daha yaxşıdır. Edvin Kuç, Emin Mahmudov və Filip Ozobiç təcrübələri ilə Azərbaycanda istənilən komandada özlərinə yer edə bilərlər. Ancaq onlar da gənc deyil və növbəti mövsümdə “ağ-qaralar”ın lokomotivi roluna uyğun gələcəklərinə şübhə ilə yanaşmaq günah sayılmaz. Kuçun 32, Ozobiçin 33, Mahmudovun isə 34 yaşı var. Üst-üstə gələndə, əsrə bərabər. Paytaxt klubunun rəhbərliyi artıq indidən onları əvəzləyə biləcək futbolçuların axtarışına çıxsa, yaxşı olar.

Hesabsız-kitabsız transferlər

“Neftçi”nin mövsümboyu mətbuat konfranslarında şikayətlənən Samir Abasovun heyətlə bağlı bəhanələrini kəsmək üçün daha sanballı, daha keyfiyyətli transferlər etməyə imkanı var: həm klubun adı, həm də maliyyə baxımından. Və bütün mövqelər üzrə. Xüsusən də, hücum xətti.

“Vikipedia”da son iki ildəki göstəricilərdə qol xanasının qarşısında cəmi 6 qol görünən Ramil Şeydayev kimi hücumçuları, ümumiyyətlə, hesab-kitab tutmadan hansısa futbolçu transfer etməyin nəticəsi nəticəsizlik olur. Eynən indi haqqında danışdığımız “Neftçi” kimi.

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button