Samir Abasov azarkeşlərdən üzr istədi

“Neftçi” bu gün Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Azarkeşlərimiz sağ olsun, ilk dəfədir ki, bu qədər azarkeş gəlmişdi. Onların dəstəyini də hiss edirdik. Qırılmış ümidlərə görə azarkeşlərimizdən üzr istəyirəm. Baxmayaraq ki, komandanı biz yığmamışıq, bizim əsərimiz deyil. Bunlara baxmayaraq, bir baş məşqçi kimi məsuliyyət mənim üstümdədir. Yenə də deyirəm, üzr istəyirəm.

Həddindən artıq üzüldüyümüz o idi ki, oyuna yaxşı köklənmişdik. Çox yaxşı epizodlarımız da oldu. Əhval-ruhiyyə, köklənmə möhtəşəm idi. Reallığı rəbul edək ki, rəqib də yaxşıdır. Əvəzetmələrdən sonra irəli atıldıq, nəticədə boşluqlar verməyə başladıq. Bu da rəqibin oyununda canlanma yaratdı. Ehtiyatda olan bütün hücumameyilli oyunçuları buraxdıq. Rəqibin dəyişiklikəri daha effektli oldu. Əfsuslar olsun ki, bizdə bu belə olmadı.

Sözün açığı, heyətdə olan oyunçular matçın əvvəlində etdikləri pressinqləri, sürətli oyunu axıra qədər davam etdirsəydilər, tamam başqa cür ola bilərdi. Bu da oyunçuların fizikası ilə bağlı olan bir şeydir. Biz də bu oyunu bu futbolçular üzərində qurmuşduq. Belə bitməsini istəmirdik. Təəssüf ki, etdiyimiz dəyişikliklər istədiyimiz effekti vermədi.

Hər bir məşqçinin oyun üslubunda ona uyğun oyunçular olur. Bundan əvvəl də işlədiyim digər komandalarda da görmüsüz. Sadəcə olaraq, neçə faiz futbolçu burdan gedəcək, neçəsi qalacaq… Bunları vaxtı gələndə müzakirə edəcəyik. Düşünürəm ki, növbəti mövsümdən daha yaxşı “Neftçi” olaraq gələcəyik”.

Yarımfinalın ilk oyununda 1:2 (iki oyunun nəticəsinə əsasən 2:3) hesabı ilə məğlub olan “Neftçi” kubokda mübarizəni dayandırıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button