
“Rəhbərlik yanımdadır” – Elvin Məmmədov
“Səbail” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, “dənizçilər”in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ”ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.
Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam.
“Qarabağ”ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı.
– Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?
– Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var.
Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır.
Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam”.
Bizi Facebook-da izləyin



