Azərbaycansayağı yumurta və tanzaniyalı Alfons qağa
Rəşad Ergün
İllər əvvəl Azərbaycan telekanallarının ekranlarında bir reklam çarxı fırlanırdı. Məzmunu təxminən belə idi ki, “hamı yerli mal alsın, xeyir vətənə qalsın”. Adamda milli duyğuları alovlandıran, vətənpərvərlik hisslərini körükləyən reklam çarxı idi. Hər dəfə o reklam çarxını izləyəndə adam istəyirdi əlindəki Cənubi Koreya məhsulu olan telefonu yerə çırpsın, yaponların düzəltdiyi televizorda kanalları elə qarışdırsın ki, bir də nizama salmaq mümkün olmasın, Çindən, Türkiyədən gələn paltarları cırıb əynindən çıxarsın, Almaniya istehsalı olan avtomobillərin təkərlərini partlatsın. İnsanın ülvi hissləri ilə oynayan çox, çox qəşəng reklam çarxı idi.
İnsafən, o reklam çarxından sonra bizdə nəsə düzəltmək, istehsal etmək cəhdləri oldu. Hətta avtomobil də qayırmağa çalışdı bizimkilər. Amma getmədi… Avtomobil bir yana, bütün hissələrini xaricdən gətirdiyimiz iki təkəri olan velosipedi düzəldib ortaya çıxara bilmədik.
İndi ellikcə alıb, xeyirini vətənə verdiyimiz demək olar ki, ancaq yerli qida məhsullarıdır. Yediyimiz kolbasalar, sosiskalar hansı mənşəli ətlərdən hazırlanır, onu belə, bilmirik. Ümumiyyətlə, ətdən hazırlanırmı, o da məlum deyil. Qatığa, südə, benzinə su qatıb satan adamlarıq. Yumurtaya yumurta görünüşü vermək üçün toyuq “zad”ına bulaşdırıb piştaxtalara düzən də bizik. Həmin yumurtalardan bir neçə dəfə yararlanmışam, məndə ciddi şübhə yaranıb ki, o yumurtaları toyuq yox, satıcılar özləri yumurtlayıb. Doğrusu, heç bir toyuq o qədər keyfiyyətsiz, zay məhsulu özünə rəva görməz.
Hələ içinə tütündən başqa, hər şey dürtüşdürülən siqaretlərimiz… Çəkilməli və çəkməli dərd deyil.
…İndi bizim bu “Şamaxı” klubu tanzaniyalı futbolçu Alfons Msanqa Mabula ilə müqavilə bağlayıb deyə, sosial şəbəkədə ələ salınır, lağ obyektinə çevrilib. Ki, Tanzaniya hara, futbol hara, futbolçu hara? Ayıbdır, ayıb. Qoy, hələ Alfons qağa qatığımızdan, südümüzdən, pivəmizdən içsin, kolbasamızdan, sosiskamızdan yesin, yumurtamızın dadına baxsın, papirosumuzdan tüstülətsin, ondan sonra hökm verək. Üzərinə toyuq “zad”ı sürtülür deyə, yumurtanın keyfiyyətli, dadlı olduğuna inanan adamlarıq.
Bizi Facebook-da izləyin