Rusiya mətbuatı: AFFA-nın Santuşun vədlərinə səbri çatacaq?
Rusiya mətbuatı Azərbaycan millisinin UEFA Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Bakıda Slovakiya yığmasına uduzmasını (1:3) şərh edib.
Komanda.az xəbər verir ki, “Sport-Express” nəşri AFFA-nın Fernandu Santuşun vədlərinə səbir göstərib-göstərməyəcəyinə toxunub:
“Növbəti turdan əvvəl Fernandu Santuş Azərbaycan millisi ilə müqaviləsinin 2028-ci ilə qədər olduğunu xatırladıb və bildirib ki, bir ildən sonra komanda istənilən rəqiblə bərabər şəraitdə oynaya biləcək.
Portuqaliyalı məşqçi həm də, karyerası ərzində keçirdiyi matçların yalnız 15 faizini itirdiyi statistikaya istinad etdi. Bəs dördüncü turdan sonra xallar sıfır olduğu halda, AFFA rəhbərliyinin mövcud tendensiyanı davam etdirməyə səbri çatacaq?
Baxmayaraq ki, Slovakiya ilə oyunda hər şey başqa cür ola bilərdi. Azərbaycanlılar qonaqların qoluna Toral Bayramovun baş zərbəsi ilə cavab verdi. Önə keçmək şansları var idi, amma Mahir Emrelinin qırmızı vərəqə alması ilə hər şey alt-üst oldu. Tezliklə Lukas Haraslin topu küncə gözəl şəkildə göndərdi, Duriş isə Slovakiya yığmasının qələbəsini möhkəmləndirdi”.
Bizi Facebook-da izləyin