Federasiya prezidenti ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Komanda.az xəbər verir ki, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə ölkəmizdə fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən federasiya prezidenti hər kəsi salamlayıb, ona etimad göstərən hər kəs təşəkkürünü bildirib. O, qeyd edib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranlarımızın gələcəkdə daha böyük uğurlara imza atması üçün lazım olan addımların atılması istiqamətində fikir mübadilə etməkdir.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə məhsuldar müzakirələr aparılıb. Problem səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırma idmanının inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.
İclasdan sonra Kamran Nəbizadə 5-6 oktyabr tarixlərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini də izləyib.
Bizi Facebook-da izləyin