Azyaşlının ölümündə təqsirləndirilən məşqçinin məhkəməsi qapalı keçiriləcək

Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq zamanı azyaşlı tələbənin aldığı xəsarətlərdən ölməsylə bağlı məhkəmə istintaqı başlayıb.

Komanda.az xəbər verir ki, 7 yaşlı Fərid Bakarovu öldürməkdə ittiham olunan sambo idman növü üzrə məşqçi Mehman Xəlilov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Onun işini Fəhmin Hümbətovun sədrliyilə, Aynur Rzayeva və Hafiz Əliyevdən ibarət hakimlər kollegiyası araşdırır.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində uşağın anası Aynurə Məlikova tanınıb.

Sentyabrın 7-də məhkəmə iclasında jurnalistlərin iştirakı, çəkiliş aparmalarına icazə verilib-verilməməsi məsələsi müzakirəyə çıxarılıb.

Mehman Xəlilovun vəkili Anar Qasımlı bildirib ki, məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsinin onlar üçün fərqi yoxdur. Jurnalistlərin də iştirakına etiraz etmirlər. Lakin məhkəmə çəkiliş aparılmasına icazə verərsə, sadəcə, indi kadr götürülməsinə icazə verməklə kifayətlənməməlidir. Bütün proses boyu buna imkan yaradılmalıdır. Vəkil bu istəyini belə əsaslandırıb ki, müvəkkilinə ağırlaşdırıcı halda, qəsdən adam öldürmə ittihamı verilib. Bunun da səbəbi hadisədən sonra idman zalından yayılan görüntülər və nəticədə cəmiyyətdə yaranmış qəzəbdir:

“O videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Amma işdə fərqli hallar var. Biz bütün halların cəmiyyətə çatdırılmasında maraqlıyıq. Ağır hadisədir, acını başa düşürəm. Amma işin də obyektiv, hərtərəfli araşdırılması lazımdır. Bizə obyekt kimi yanaşılıb, kiçik bir çəkiliş edilib, bundan böyük səs-küy yaranmasını istəmirik”.

Zərərçəkmişin hüquqi varisi Aynurə Məlikova isə ümumiyyətlə, jurnalistlərin iştirakına etiraz edib. O bildirib ki, məhkəmənin qapalı keçirilməsini istəyir.

Aynurə Məlikova vurğulayıb ki, təqsirləndirilən Mehman Xəlilovla aralarında olanların başqalarına aidiyyəti yoxdur:

“Aramızda nə olubsa, nə söhbətlər varsa, bizə aiddir. Öz aramızdadır, özümüz bilirik. Keçən dəfə yazıblar ki, “ananın fəryadı”. Şou qururlar. Mənə lazım deyil. Mənim oğlum var, məktəbə gedir, mən istəmirəm”.

Hakimlər kollegiyası qısa müşavirə edib, məhkəmə istintaqının qapalı keçirilməsi barədə qərar qəbul edib.

Hakim Fəhmin Hümbətov qərarı əsaslandırarkən deyib ki, cinayət işinin materiallarında şəxsi həyata aid, ailə sirri hesab olunan məsələlər, yazışmalar var. Bu səbəbdən prosesin qapalı keçirilməsi məqsədəuyğun hesab olunub.

Qapalı keçirilən məhkəmə iclasında prokuror Samir Məmmədov ittiham aktını elan edib, təqsirləndirilən şəxs ifadə verib.

Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə ittiham olunan 1994-cü il təvəllüdlü Mehman Xəlilov bu ittihamları qəbul etməyib. O bildirib ki, hadisə məşq prosesində baş verib. Mehman Xəlilovun sözlərinə görə, qətiyyən uşağa zərər vermək niyyəti olmayıb.

Aynurə Məlikova iddia edib ki, Mehman Xəlilov ondan qisas almaq məqsədilə uşağını öldürüb.

Mehman Xəlilov isə bu haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Hadisədən sonra Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülmüşdü. Lakin istintaq yekunlaşanda ittiham ağırlaşdırıldı və əməli qəsdən adam öldürməyə tövsif olundu.

Hadisə aprelin 29-da baş verib. Məşq zamanı ağır xəsarət alan 2016-cı il təvəllüdlü Fərid Bakarov Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçi azyaşlı tələbəyə zərbə vurur.

7 yaşlı Fərid Bakarov qardaşı ilə birlikdə iki ay imiş ki, Avropa Oyunlarının bürünc mükafatçısı olan Mehman Xəlilovun sambo məşqlərində iştirak edirmiş.

Hadisə zamanı Fərid Bakarovun anası da orada olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button