“Baku Open 2023”də iştirak edəcək azərbaycanlı şahmatçılar məlum olub
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında iştirak edəcək azərbaycanlı şahmatçılar məlum olub.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, mayın 4-də start götürəcək yarışda yığmanın 15-dən çox üzvü mübarizə aparacaq.
Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcəklər.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək mötəbər turnir “Baku Crystal Hall”da olacaq.
Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. Onlar sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FİDE reytinqinə sahibdir.
Yarışın ümumi mükafat fondu 55 000 dollar təşkil edir. A qrupunun qalibi 12 000 dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U-8, U-10, U-12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.
Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. Turnirin açılış mərasimi isə mayın 5-də gerçəkləşəcək.
Beynəlxalq Şahmat Festivalı günlərində eyni məkanda veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı da təşkil olunacaq.
Bizi Facebook-da izləyin