Super Liqa klubu seneqallını yunanla əvəzlədi
“Alanyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Avstriyanın LASK klubunun hücumçusu Eftimis Kulurisi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunanıstandan olan 26 yaşlı forvard bu mövsümün sonuna kimi icarəyə götürülüb.
PAOK-un yetirməsi olan Kuluris Yunanıstanda “Anortosis” və “Atromitos”da da oynayıb. 2019-2021-ci illər aralığında Fransada “Tuluza”nın uğurları üçün çalışmış futbolçu 2022-ci ilin yayından LASK-da çıxış edirdi. O, Avstriya təmsilçisində 16 oyuna 1 qol vurub. Kuluris Yunanıstan yığmasında da 18 oyun keçirib.
Alanya təmsilçisi öz hücumçusu Famara Dyedyunu isə İspaniyanın “Qranada” klubuna icarəyə verib. Seneqaldan olan 30 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə oynayacaq. 2021-ci ilin yayından Türkiyə təmsilçisinin uğurları üçün çalışan Dyedyu bu komandada 32 oyuna 13 qol vurub. O, karyerası ərzində “Bristol Siti”, “Klermon”, “Anje”, “Epinal”, “Ayaçço” və “Soşo” kimi klubların formasını geyinib, Seneqal millisində 27 oyuna 11 qol vurub.
Bizi Facebook-da izləyin