“Aris”lə matç bizim üçün önəmlidir” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, Hacıyev, əsas hazırlığın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”i ilə oyunlara yönəldiyini deyib:
“Əsas hazırlığımız UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağımız Kipr “Aris”i ilə oyunlara yönəlib. Bu matç bizim üçün önəmlidir və yaxşı hazırlaşırıq”.
29 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında məşqlərin yaxşı və maraqlı keçdiyini bildirib:
“Çox yaxşı kollektivimiz və məşqçilər korpusumuz var. İnanıram ki, bu qədər əziyyətin nəticəsini görəcəyik”.
Hacıyev komandanın aparıcı futbolçusu olacağına inandığını deyib:
“Hər şey mənim özümdən, məşqimdən və göstərdiyim oyundan asılıdır. Baş məşqçi də bunları dəyərləndirəcək. Hamımız komandanın qələbəsi və öz karyeramız üçün çalışırıq. Mən də peşəkar futbolçu kimi işimə düzgün və ciddi yanaşıram. İnanıram ki, əsas heyətdə yerimi tutacağam”.
O, rəqabətə hazır olduğunu da sözlərinə əlavə edib:
“Həmişə rəqabəti sevdiyimi demişəm. Komandanın qələbəsi üçün kim yaxşı formadadırsa, o da oynamalıdır”.
“Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin