“Belarus və Azərbaycan eynigüclü komandalardır” – Kondratyev
Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bütün matçlara eyni istəklə yanaşırıq. Hər qarşılaşmada istəyimiz birdir. Bakıya da bu istəklə gəlmişik. Bir neçə gün əvvəl Azərbaycan seçməsi ilə oynamışdıq və qolsuz bərabərlik qeydə alınmışdı. Onları yaxşı tanıyırıq. Bizimlə eynigüclü komandadır. Qrupdakı digər rəqiblərimizin də səviyyəsi bərabərdir. Bu cür oyunların taleyini kiçik epizodlar həll edir”.
Kondratyev köməkçilərinin “Sumqayıt”ın belaruslu baş məşqçisi Aleksey Baqa ilə danışdığını söyləyib: “Bizdə kifayət qədər tənqid var. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisinin sükanı arxasındayam”.
Baş məşqçi futbolçu olduğu dönəmdə də Bakıya səfər etdiyini vurğulayıb: “Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadə, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan deyildi. Hətta bəzi futbolçularınızla dostluq münasibətim var. Burada İsgəndər Cavadovu qeyd edərdim. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur”.
İyunun 13-də keçiriləcək Azərbaycan – Belarus matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin