Ağdamda maykalı, köynəkli, ayaqqabılı və ayaqyalın turnir – FOTOLAR

Ağdamda mərhum prezident Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş voleybol turniri təşkil edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının, Ağdam rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksinin idman zalında keçirilən voleybol üzrə rayon birinciliyinin təntənəli açılış mərasimində Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yuxarıda yazılanlara qədər hər şey tamamdır, “okey”dir. Amma…

Turnirdən çəkilən fotolara baxırsan, baxırsan, sonra barmağını dişləyib, düşünməyə başlayırsan: Ayyə, bu boyda zırıltı adları olan qurumların, təşkilatların, idarələrin ağıllarına gəlməyibmi ki, turnir iştirakçılarının əyinlərinə doğru-dürüst idman formaları geyindirsinlər?

Baxırsan turnir iştirakçılarının əyinlərindəki “formalar”a, biri maykada, biri köynəkdə, birinin ayağında “tufli”, biri ayaqyalın. Xülasə, sanki voleybol turniri yox, karnavaldır.

Ağdam Rayon İcra Hakimiyyəti, YAP və Ağdam rayon Gənclər və İdman İdarəsi birləşib, bu cür biabırçı turnir təşkil edirlərsə, görəsən, ayrı-ayrılıqda necə turnir keçirərdilər? Düşünəndə adamın canına titrəmə düşür, Allah qorusun!

Hələ turnirin açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev gurultulu çıxış da edib. Nədən danışıblar? Təbii ki, “çiçəklənən Azərbaycan”, “həddən artıq sürətli inkişaf edən Azərbaycan idmanı”, “Azərbaycan idmanına göstərilən misli görünməmiş qayğı” və sair və ilaxır…

Danışmağına danışsınlar e, amma gərək şəkil çəkdirməzdilər. Danışdıqlarının yox, danışmadıqlarının şəkilləri çəkilib, ona görə deyirəm.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button