“Başqa ölkələrin klubları bizə hörmət etməyə borcludurlar” – Qara Qarayev

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Marsel”lə Konfrans Liqası matçından əvvəl UEFA-nın rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, Qarayev, Fransadan yaxşı nəticə ilə ayrılmağın mümkün olduğunu bildirib:

“Diqqətli və komanda şəklində oynasaq, Fransadan müsbət nəticə ilə qayıda bilərik”.

O, “Marsel”in əvvəllər Çempionlar Liqasını qazandığını xatırladıb:

“Onlar artıq bir dəfə bu titula sahib çıxıblar. Düzdür, bu, çoxdan olub. Amma bu, “Marsel”in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur”.

Qarayev bildirib ki, “Marsel”ə qarşı oynamaq asan olmayacaq:

“Son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə, güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. “Marsel” güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq”.

Yarımmüdafiəçi, “Qarabağ”ın bütün ölkələrdə tanındığını bildirib:

“Çempionlar Liqasının qrupunda İspaniyanın “Atletiko” klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. Sözsüz, “Qarabağ” hazırkı səviyyəyə gəlibsə, bu, ilk növbədə zəhmət hesabına olub. İndi başqa ölkələrin klubları bizə hörmət etməyə borcludurlar. Hesab edirəm ki, bu, bizim üçün Avropa yarışlarında əsas göstəricilərdən biridir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımızda səsləndirdiyi fikirlər “Qarabağ”ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir”.

“Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button