“The Best”: FİFA 2021-ci ilin ən yaxşılarını açıqladı
Bu gün FİFA “The Best” mükafatının təltif olunma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, 2021-ci ilin ən yaxşılarının təltif olunduğu mərasim İsveçrənin Sürix şəhərində təşkil olunub.
2021-ci ilin ən yaxşı futbolçusu Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski seçilib. Polşalı forvard ardıcıl ikinci dəfə “The Best” mükafatına layiq görülüb. O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salahı geridə qoyub.
2021-ci ilin ən yaxşı qadın futbolçusu isə İspaniyanın “Barselona” klubunda çıxış edən Aleksiya Putelyas seçilib.
Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kristiano Ronaldo FİFA-nın xüsusi mükafatını alıb. 37 yaşlı hücumçu yığmada vurduğu qolların sayına görə bu mükafata layiq görülüb. Qadın futbolunda isə Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler FİFA-nın xüsusi mükafatını alıb.
Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları da müəyyənləşib. Kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərə “Çelsi”sindən Eduard Mendi layiq görülüb. O, PSJ-dən (Fransa) italiyalı Canluici Donnarumma və “Bayern”dən (Almaniya) Manuel Noyeri qabaqlayıb. Qadınlardan isə Fransanın “Olimpik” (Lion) klubunun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.
İngiltərənin “Çelsi” komandasını çalışdıran Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi elan olunub. Bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, həmçinin İngiltərənin “Mançester Siti” komandasını çalışdıran Xosep Qvardiola da namizəd idi. Maraqlıdır ki, qadın futbolunda da “The Best” mükafatına
İngiltərənin “Çelsi” komandasına rəhbərlik edən Emma Heyz layiq görülüb.
2021-ci il üçün Puşkaş mükafatının qalibi İngiltərənin “Tottenhem” klubunun futbolçusu Erik Lamela olub. Onun Premyer Liqada “Arsenal”a vurduğu qol ən yaxşı seçilib. Bu mükafata Çexiya millisinin hücumçusu Patrik Şikin AÇ-2020-də Şotlandiyayaya, həmçinin Portuqaliya “Portu”sunun forvardı Mehdi Tareminin UEFA Çempionlar Liqasında “Çelsi”yə (İngiltərə) vurduğu qollar da iddia edirdi.
“Feyr pley” mükafatının da qalibi müəyyənləşib. Sözügedən mükafata AÇ-2020-də Danimarka millisinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən yığmanın tibbi və məşqçilər heyəti layiq görülüb. Danimarkalı tərəfdarlar isə ilin ən yaxşı azarkeşi mükafatına sahib çıxıblar.
FİFA 2021-ci ilin rəmzi komandalarını da açıqlayıb. Kişi futbolunda ən yaxşı 11 oyunçu bunlardır:
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: David Alaba (“Real”), Ruben Dias (“Mançester Siti”), Leonardo Bonuççi (“Yuventus”);
Yarımmüdafiəçilər: Jorjinyo, Nqolo Kante (hər ikisi “Çelsi”), Kevin De Bruyne (“Mançester Siti”);
Hücumçular: Kristiano Ronaldo (“Mançester Yunayted”), Erlinq Holand (“Borussiya”, Dortmund), Robert Levandovski (“Bayern”), Lionel Messi (PSJ).
Qadınlar arasında ötən ilin rəmzi komandasına isə bu futbolçular düşüb:
Qapıçı: Kristiana Endler (“Olimpik”, Lion);
Müdafiəçilər: Lüsi Bronz (“Mançester Siti”), Vendi Renar (“Olimpik”, Lion), Brayt Enobakhare (“Koventri Siti”);
Yarımmüdafiəçilər: Estefaniya Banini (“Atletiko”, Madrid), Karli Lloyd (“Skay Blyu”), Barbara Bonansea (“Yuventus”)
Hücumçular: Vivianne Midyema (“Arsenal”), Marta, Aleks Morqan (hər ikisi “Orlando Prayd”).
Bizi Facebook-da izləyin