Badminton Federasiyası ilə yekun vurdu

Bu gün Azərbaycan Badminton Federasiyasının cari ildə yekun iclası keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun sədrliyi ilə keçirilən iclasda federasiyanın rəsmi şəxsləri, məşqçi və idmançı heyəti iştirak edib.

İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

Taleh Ziyadov çıxışında regionlarda badmintonun inkişafının qarşıdakı illər ərzində prioritet məsələlərdən olduğunu bildirərək qızların bu idman növünə cəlb olunmasının vacibliyini vurğulayıb. Federasiya prezidenti 2022-ci ildə müxtəlif istiqamətlər üzrə komitələrin fəaliyyətinin genişləndiriləcəyini və cari ildə ölkənin 5 regionunda həyata keçirilən “Shuttle Time” proqramının Naxçıvan da daxil olmaqla digər bölgələrdə də təşkil olunacağını qeyd edib.

Taleh Ziyadov badmintonun inkişafında klubların sayının artırılmasının zəruriliyini bildirib.

Məşqçilərin ustalıq səviyyəsinin yüksəldilməsi üçün qısa və uzun müddətə tanınmış badminton mütəxəssislərin ölkəmizə gətirilməsi növbəti il üçün görüləcək işlər sırasında yer alıb.

Həvəskarlar arasında qapalı və açıq havada badminton yarışlarının keçirilməsi də növbəti il üçün fəaliyyət proqramına daxil olan məsələlərdəndir.

Taleh Ziyadov çıxışında məşqçi və badmintonçuların baza məlumatlarının və il ərzində fəaliyyətini izləmək üçün xüsusi onlayn tətbiqin yaradılması istiqamətində çalışacaqlarını söyləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button