Joze Alesio: “Əsl istədiyim komandanı gördüm”
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün son oyununu keçirən “Araz” (Naxçıvan) Kosovonun “Liqeni” komandası ilə 6:6 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, oyunun böyük hissəsini hesabda üstün keçirən təmsilçimiz yalnız son dəqiqədə bərabərliklə razılaşıb.
Baş məşqçi Joze Alesio Da Silva qarşılaşmadan sonra bunları deyib:
“İkinci oyundan sonra uşaqlarla iclasımız oldu. Oyun intizamı və konsantrasiya ilə bağlı söhbət etdik, tapşırıqlar verdim. Bugünkü oyuna yaxşı başladıq. Ardıcıl 4 qol vurduq. Meydanda əsl mən istəyən oyunu, tapşırıqları icra edən komandanı gördüm. Sonrakı dəqiqələrdə fiziki planda müəyyən axsamalar var idi. Ancaq hər şeyi buna bağlamaq olmaz. Çünki meydana çıxana futzalçı maksimum 2-3 dəqiqə oyunda qalırdı. Hesab 6:2 olduqdan sonra oyun konsantrasiyasında və intizamında müəyyən problemlər yaşadıq.
Yadınızdadırsa, ikinci oyundan sonra çox narazı qaldığımı demişdim. Ancaq bu gün fərqli oynadıq. Daha doğrusu, 30 dəqiqəni fərqli keçirdik. Mübarizə apardıq, intizama sadiq qaldıq. Amma sona 10 dəqiqə qalmış qopmalar oldu. Sanki uşaqlar oyunun başa çatdığını və qələbə qazandığımızı düşünürdülər. Lakin idman belə şeyləri sevmir. Hakimin final fitinə qədər mübarizə aparmalısan. Bunu etmədinsə, yekun istədiyin kimi olmayacaq”.
Bizi Facebook-da izləyin