Rövnəq Abdullayevin pozları

Rəşad Ergün

Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, Canni de Byazi… Bu adamları birləşdirən təkcə Azərbaycan milli komandasının baş məşqçi postunda çalışmaları deyil. Onların hamısının bir ortaq tərəfi də var: AFFA prezidenti Rövnəq Abdullayevlə poz verib çəkdirdikləri fotolar.

Beyin sorğulasa, qəbul etməkdə zorlansa da, Rövnəq Abdullayev AFFA prezidentidir. Hə, həm də, AFFA prezidenti. Keçmiş deputat, hazırda ölkə iqtisadiyyatının şah damarı sayılan neftin SOCAR-ına rəhbərlik edən, Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsini daşıyan Rövnəq Abdullayev ovcunda üç fərqli sahəni, bir-birinə yaxından uzaqdan dəxli olmayan üç vəzifəni daşıyır. Əslində, o üç sahədən ikisi çoxdan Abdullayevin ovcundan sürüşüb düşüb – futbol Elxan Məmmədovun, cüdo Sadıq Sadıqovun qucağına. Ya da, Abdullayev özü həmin sahələri Məmmədovla Sadıqovun qucağına atıb. Bir adamın, özü də ömrünün gənclik illərini, enerjili dövrünu geridə buraxmış birinin eyni vaxtda üç vacib sahəyə başarılı şəkildə rəhbərlik etmək irrasional bir şeydir. Elə buna görə də, Rövnəq Abdullayev futbolla cüdoya öz yarlığını yapışdırıb, gedib neft-qaz sahəsində olan-qalan zamanını keçirir.

Azərbaycanın milli komandaları uduzur? Azarkeşlər narazıdır, AFFA rəhbərliyini istefaya çağırırlar? Ölkənin futbol şərəfini Avropanın yaşıl meydanlarında top kimi çiləyirlər? Bütün bunların Rövnəq Abdullayevə heç bir dəxli yoxdur. Onun AFFA prezidenti kimi yeganə vəzifəsi var: Elxan Məmmədovun tovlayıb milli komandaya gətirdiyi yeni baş məşqçiylə poz verib, şəkil çəkdirmək. İnsafən, bu, onda pis alınmır.

İndi Azərbaycanın futbol əhli həvəslə və həsrətlə Rövnəq Abdullayevin poz verib şəkil çəkdirəcəyi növbəti bədb… pardon, baş məşqçini gözləyir. Deyilənə görə, Elxan Məmmədov De Byazidən bezib, növbəti baş məşqçini tovlamaq üçün yavaş-yavaş hərəkətə keçib. Daha dəqiqi, Rövnəq Abdullayevə özünü AFFA prezidenti kimi hiss etdirən yeganə o anı, poz verib, şəkil çəkdirmək anını yaşadacaq adamı tovlamaq üçün qollarını çırmalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button