Azərbaycan klublarını utandıran Messi

Futbolun bəzəyi qoldur. Qol, bəli, məhz qol. Həmin qol ki, Azərbaycan futbolunda onu vurmaq, həyata keçirmək hər zaman çətin olub. İstər xarici komandalarla oyunlarda, istərsə də, milli çempionatda.

Artıq 22 turu geridə qalan Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların qol vurmaq baxımından nə qədər çətinlik çəkdiyini kiçik bir müqayisə ilə göstərməyə çalışdıq. Müqayisə üçün Avropanın əsas futbol çempionatlarında bombardirlik edən futbolçuların qol sayını bizim klubların 22 turda hesablarına yazdırdıqları qol sayları ilə müqayisə etdik. Beləliklə…

“Barselona”nın hücumçusu Lionel Messi La Liqanın 30 turunda vurduğu qolların sayına görə bizim əksər klubları geridə qoyur. Argentinalı futbolçu 30 tur ərzində (nəzərə alaq ki, bu turların bəzilərində Messi ya meydana çıxmayıb, ya da sonradan oyuna qoşulub) 32 dəfə rəqib qapıçıları məyus edib. İndi isə bizim çempionatda qol sayına görə Messidən geridə qalan komandalara baxaq:

“Səbail” – 26 qol;
“Qəbələ” – 24 qol;
“Keşlə” – 21 qol;
“Zirə” – 19 qol;
“Sabah” – 16 qol;
“Sumqayıt” – 16 qol.

Türkiyə Super Liqasında bombardir olan Mbaye Diane (“Qalatasaray”) isə 26 tur ərzində təkbaşına “Keşlə”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın futbolçularından daha çox “çərçivə”yə düşüb – 23 qol.

Fransa Liqa 1-də bombardir olan Kilian Mpappe (PSJ) də 30 tur ərzində vurduğu qolların sayına görə “Səbail”, “Qəbələ”, “Keşlə”, “Zirə”, “Sabah”, “Sumqayıt” kimi komandaları qabaqlayır – 27 qol.

Azərbaycan Premyer Liqasında mübarizə aparanlardan yalnız “Qarabağ” (47 qol) və “Neftçi” (37 qol) Avropanın aparıcı çempionatlarında bombardir olan futbolçuları qol sayında qabaqlayır.

Premyer Liqamızın bombardirlərinə gəlincə, bunlar hesabında 9 qol olan Baqali Dabo (“Neftçi”) və eyni sayda qol vurmuş Mahir Mədətovdur (“Qarabağ”).

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button