“Makkabi” gəlib burda üç qol vurursa…” – Müsahibə

“Neftçi”nin keçmiş baş məşqçisi Füzuli Məmmədovun Komanda.az saytına müsahibəsi:

  • Füzuli bəy, hazırda nə işlə məşğulsuz?
  • Hazırda Pro kateqoriyası üçün kurslara gedirəm. Bundan başqa, “Qaradağ Lökbatan” klubunda da məşqçilik edirəm. Həm komandaya kömək edirəm, həm də kursdan öyrəndiklərimi burda tətbiq edirəm.
  • Planlarınız nədir, nə vaxta qədər kursda oxuyacaqsız?
  • Hazırda planım belədir ki, kursu yaxşı səviyyədə bitirim. Bununla yanaşı, nəsə təklif olsa, dəyərləndirəcəm.
  • “Neftçi”dən ayrıldıqdan sonra hələ də işsizsiz. Bir ara mətbuatda İrana gedəcəyinizlə bağlı xəbərlər çıxmışdı. Nəticə necə oldu?
  • “Neftçi”dən ayrıldıqdan üç gün sonra İrandan təklif gəldi. Sadəcə, bu ölkədə xarici mütəxəssis işləyə bilməz deyə, alınmadı. Mənə demişdilər ki, klubda idman direktoru olum. Meydana düşməyim və kənardan taktika verim, komandanı oyuna hazırlayım. Amma mən bununla razılaşmadım. Məşqçi komandanın yanında olmalıdır. Hazırda da İrandan rəsmi təklifim var. Ancaq klub yüksək liqaya vəsiqə qazanmayıb deyə, məsələ qalıb. İran çempionatından bir neçə təklif var. Aşağı liqa klublarından iki-üç rəsmi təklifim var. Lakin menecerim əsas liqa klublarından birindən təklif olması üçün çalışır.
  • Niyə məhz İran?
  • İki il İranda futbol oynamışam. İranın futbol ictimaiyyəti tərəfindən tanınıram və yaxşı hörmət qazanmışam. Keçmiş komanda yoldaşlarımla da tez-tez əlaqə saxlayırıq. Bəzilərimiz məşqçi, bəzilərimiz də menecer kimi işləyirik. Mən də çalışıram ki, işimə davam edim. Ümumilikdə, düşüncəm təkcə İranda çalışmaq deyil, Azərbaycandan da təklif olsa, dəyərləndirəcəm.
  • Bu qədər müddət işsiz qalmağınızın səbəbi nədir?
  • Bu haqda heç düşünmürəm. Bütün diqqətim kursdadır və yaxşı nəticə ilə bitirmək istəyirəm. Günahkar axtarmıram. Bütün fikrim kursdadır.
  • Azərbaycan Premyer Liqasında artıq iki tur geridə qalıb. Sizcə, hansı komanda daha hazırlıqlıdır?
  • Demək olar bütün oyunlara baxmışam. İlk oyunlar aldadıcı olur. Oyundan-oyuna komandalar daha yaxşı olacaq. İndiki vəziyyətdə kimin yaxşı, kimin pis olduğunu deyə bilmərəm. “Sumqayıt” mövsümə əla başlayıb. Transfer pəncərəsi dövründə də futbolçularının bəzilərini saxlaya bildilər. Digər klublarda da vəziyyət normaldır. Qarşıda milli komandaların oyunlarına görə yaranacaq fasilə var. Komandalar bu durumdan yararlanmalıdırlar.
  • “Qarabağ” və “Neftçi”nin avrokubokdakı şanslarını necə dəyərləndirirsiz?
  • Hər iki komandanın işi çətindir. Pley-off mərhələsidir və bu, komandalar üçün final kimidir. “Aberdin” öz meydanında fərqli oyun sərgiləyir. “Qarabağ” üçün çox çətin olacaq. “Neftçi” “Makkabi” (Hayfa, İsrail) ilə oyunda gözəl qələbəni əldən verdi. Səfər oyunu çətin olacaq. “Makkabi” gəlib burda üç qol vurursa, niyə “Neftçi” bunu İsraildə etməsin? Həm “Qarabağ”a, həm də “Neftçi”yə uğurlar arzu edirəm. Ümid edirəm ki, hər ikisi vətənə qələbə ilə dönərlər.
  • Yenidən “Neftçi”yə gəlib, titul qazanmaq istəyirsiz?
  • Mənim üçün “Neftçi” böyük bir məktəb olub. Özümə çox güvənirəm. İnanıram ki, yenidən hansısa komandada baş məşqçilik etsəm, uğur əldə edə bilərəm. Çünki bunun üçün lazım olan təcrübəm var.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button