“Narkoman” ailənin “Kral Artur”u Yazı+Fotolar

“Barselona” top sehrbazlarının çox olduğu bir komandadır. Bu komandada Lionel Messi, Koutinyo, Osman Dembele kimi topla istədiyi cür rəftar etməyi bacaran futbolçular var. Amma “Barsa”da texnikası çox yüksək olmasa da, başqalarından çox fərqlənən biri də var. Bu, Arturo Vidaldır. Çili millisinin də aparıcı üzvlərindən olan “Kral Artur”.

Arturo Vidal 1987-ci il, mayın 22-də Çilidə anadan olub. Uşaqlığından yoxsul həyat keçirən Vidal, 9 yaşından günlük qazanc əldə etmək üçün at fermasında çalışıb. Vidal çətin həyat keçirən ailəsini kasıblıqdan qurtarmaq qərarına gəlir. Futbolçu karyerasından əvvəl qumarla məşğul olur, amma sonra Çili futbolunun əfsanələri olan Marselo Salas və İvan Samoranoya olan heyranlığı onu futbola gətirir.

Onun karyerası 2005-ci ildə, “Kolo-Kolo” klubunun gənclər komandasında oynamaqla başlayır. Komandası ilə iki dəfə çempionluq yaşayan futbolçu, 2007-ci ildə “Bayer”ə transfer olunur.

Karyerasında yüksəldiyi və uğurlar qazandığı dövrdə ailəsinin problemləri Artura da təsir edir. Atası Erasmo Vidal bir neçə dəfə narkotik daşıyarkən yaxalanır və haqqında araşdırılma başlanılır. Daha sonra ata Vidal bu narkotikin satış üçün deyil, şəxsi istifadə üçün nəzərdə tutulduğunu deyir və azadlığa buraxılır.

Arturun atası Erasmo Vidal

İşin dəhşətli tərəfi o idi ki, futbolçunun bacısı Embar Vidal da atasının yolu ilə gedir. Çilidəki silahlı qruplaşmalardan birinin üzvü olduğu üçün həbs olunan Embarın həm də, narkotik istifadəçisi olduğu üzə çıxır.

Arturun qolunda qandal olan bacısı Embar Vidal

Arturo Vidal üçün ideal olan yeganə insan isə anasıdır. Hətta onunla bağlı “Kralın tək idealı” deyilir.

Arturo Vidalın anası

Çilili futbolçu atlara olan həvəsi ilə tanınır. Uşaqkən at fermasında işləməsinə baxmayaraq, həmin vaxtlar at sürmək fürsəti olmayıb. Bu haqda danışan futbolçu, “Minməsəm də, atları sevirəm” demişdi.

Arturu məşhurlaşdıran digər bir şey isə döymələridir. Anasının simasını, ləqəbi olan “Kral Artur” sözünü bədəninə döymə elətdirib.

Digər ləqəbi “döyüşçü” olan Vidal, dünyanın ən kobud futbolçularından biri sayılır. “Yuventus”da forma geyindiyi 4 mövsüm ərzində ümumilikdə 53 sarı vərəqə alan Vidal, bu mənada digər futbolçulardan fərqlənməyi bacarıb.

Arturla atası bir zamanlar çox mehriban idilər

İndi isə o, “Barselona”nın uğurları üçün çalışır. Çıxdığı hər oyunda əsl döyüşçülər kimi mübarizə aparması, təslim olmaması onu hər zaman başqalarından fərqləndirib. Qeyri-adi saç düzümü olan Vidal, əzmkarlığı, döyüşkənliyi ilə istənilən böyük klubun arzulaya biləcəyi biridir.

Arturo Vidal, xanımı, oğlu və qızı

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button