“Sizi əmin edirəm ki, “Qarabağ” AEL-ə Bakıdakı oyunda azı iki qol vuracaq”
Son olaraq “Keşlə”ni çalışdıran Yunis Hüseynov “Qarabağ Azərbaycandır!” şüarı altında keçirilən turnirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, Hüseynov, Azərbaycan klublarının avrokuboklardakı şanslarını dəyərləndirib:
- Hazırda heç bir komandada çalışmırsız. Nə işlə məşğul olursuz?
- Yaxınlarda bir iş olmalıdır.
- Klubda, yoxsa federasiyada?
- Federasiyada.
- Yunis bəy, Azərbaycan klublarının avrokuboklardakı şanslarını necə dəyərləndirirsiz?
- “Neftçi”nin mərhələ keçmək şansı 50/50-dir. HİK-in güc futboluna üstünlük verəcəyini düşünürdüm, ancaq əksi oldu. Topla yaxşı davrandılar, əsasən də ilk hissədə yaxşı mübarizə apardılar. İkinci hissədə isə “Neftçi” yaxşı təsir bağışladı. Fərdi bacarıqları olan futbolçular ön plana çıxdı. Kollektiv şəkildə komanda elə də yaxşı çıxış etmədi. Bu da çempionatın başlamaması, oyun praktikasının azlığından irəli gəlir. Futbolçular fərdi bacarıqları sayəsində qol vurdular. İnanıram ki, “Neftçi” səfərdə də futbolçularının fərdi bacarıqları sayəsində nəsə edə bilər.
- Nəzərə alaq ki, süni örtüklü meydançadır və oyun rəqibin öz evində olacaq.
- Bilirəm, lakin Avroliqa oyunları elədir ki, ev və ya səfər matçı fərqlənmir. Futbolçularda xüsusi motivasiya olur. Demirəm ki, yüz faiz “Neftçi” mərhələ keçəcək, ancaq şans var.
- “Neftçi” demək olar ki, transferlər etmədi. Yəni komanda gözləntilərdən aşağıda qaldı. Bu haqda nələr deyə bilərsiz?
- Avrokuboklarda oynayan komanda transferlər etməlidir. Belə götürəndə, 4-5 oyunçu gəldi. Bu işi klubun rəhbərliyi və baş məşqçi bilər. Transfer etmək lazım idi, düzdür. Komanda qrup mərhələsinə düşmək istəyirsə, transfer lazımdır. Bilirsiz də, Azərbaycana o qədər də səviyyəli futbolçu gətirmək çətindir. Yaxşı legionerlər 8 komandalı çempionata üstünlük vermir.
- “Qarabağ”ın şanslarını necə qiymətləndirirsiz?
- “Qarabağ”ın üstünlüyü odur ki, mütəmadi olaraq avrokuboklarda oynayır və təcrübəsi var. İnanıram ki, “Qarabağ” AEL-i Bakıda yaxşı hesabla keçəcək. İstərdim ki, ilk matçda da qələbə qazansınlar, amma 1:1 hesablı nəticə pis deyil. AEL-i də aşağı qiymətləndirməmək lazımdır. Buna baxmayaraq, sizi əmin edirəm ki, “Qarabağ” AEL-ə Bakıdakı oyunda azı iki qol vuracaq.
- Dünənki oyundan sonra azarkeşlərlə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov arasında gərginlik yarandı. Artıq neçənci dəfədir ki, Kiprdə belə hallar baş verir. Bununla bağlı nə deyə bilərsiz?
- Mən “Neftçi” ilə APOEL səfərinə yollanmışdım. Orda da tribunada Ermənistan bayrağı açmışdılar. Bizim etirazlarımızdan sonra bayrağı yığışdırdılar. Kiprdə belə hallar həmişə olur. Özüm də oyuna baxanda əsəbiləşmişdim. İnşallah, biz onlara öz sözümüzü meydançada deyəcəyik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin