Rafael Ağayev 13-cü dəfə AÇ-nin finalında!
İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb.
75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək.
Həlledici qarşılaşma martın 30-da baş tutacaq. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq.
Xatırladaq ki, 5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarına daha 5 bürünc mükafata yiyələnib.
Bizi Facebook-da izləyin